Rusiya “Qazprombank”ı SOCAR-a 420 milyon dollar həcmində kredit ayırır

Posted by

Rusiya “Qazprombank”ı SOCAR-a 420 milyon dollar həcmində kredit ayırır SOCAR-la “Qazprombank” ASC arasında sənəd imzalanıb

Rusiya “Qazprombank”ı SOCAR-a 420 milyon dollar həcmində kredit ayırır

Dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev SOCAR-ın son dövrdə əldə etdiyi nailiyyətlərdən danışıb, qarşıdakı illərdə həyata keçiriləcək regional və qlobal əhəmiyyətli layihələr haqqında məlumat verib.

 

Öz növbəsində, A. Akimov Azərbaycanın enerji sektorunda böyük irəliləyişlər əldə olunduğunu qeyd edib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını, buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.

 

Sonra Azərbaycan prezidentinin sərəncamı əsasında Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar keçirilib.

 

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Neft Şirkətinin məsul şəxsləri tərəfindən təqdim olunan layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırki gedişi haqqında qonaqlara ətraflı məlumat verilib. Layihələr “Qazprombank” ASC-nin təmsilçilərində maraq doğurub.

 

Daha sonra SOCAR-la “Qazprombank” ASC arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

 

İmzalanmadan sonra çıxış edən “Qazprombank” ASC İH-nin sədri A. Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir. Tədbirdə o da qeyd olunub ki, “Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit limiti açılıb.

 

Apa.az