Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Posted by

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Aprelin 14-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyası Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olmuşlar.

Görüşdə Şahin Mustafayev Azərbaycanın Rusiya, o cümlədən onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirmişdir. Nazir qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 30-dan çox, ümumilikdə isə müxtəlif sahələrdə 160-dan artıq sənəd imzalanmışdır. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində indiyədək 13 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Nazir demişdir ki, hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 milyon ABŞ dolları investisiya yatırılmışdır. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 milyard ABŞ dolları təşkil etmişdir. Azərbaycan Rusiya ilə yanaşı, bu ölkənin federal subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə də uğurla əməkdaşlıq edir. İqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, Ulyanovsk vilayəti ilə humanitar sahədə də əməkdaşlıq həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Ulyanovskda orta məktəbin əsaslı təmiri humanitar sahədə həyata keçirilən əməkdaşlığın gözəl nümunəsidir.

Sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının, iş adamlarının iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsinin müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.

Rusiya Federasiyası Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır. S.Morozov Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etmişdir.

 

AzərTac.az