Riqada Azərbaycan ilə Latviya arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Posted by

Riqada Azərbaycan ilə Latviya arasında regional əməkdaşlıq məsələləri müzakirə edilibRiqada Azərbaycan ilə Latviya arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Riqada Azərbaycan ilə Latviya arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Sentyabrın 4-də Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Latviya Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyinin rəhbəri Roman Naudinşin dəvəti ilə Riqaya gəlib.

Latviya ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş qonaqları salamlayaraq rəhbərlik etdiyi idarənin işi barədə məlumat verib.

Riqanın şəhərətrafı Latqal rayonu, Riqa şəhərinin Mərkəz rayonu və Bakı şəhərinin Suraxanı rayon İcra Hakimiyyəti arasında regional əməkdaşlıq təcrübəsini müsbət hal kimi qiymətləndirən R.Naudinş vurğulayıb ki, Riqanın şərqi icraiyyə direksiyası ilə Azərbaycan paytaxtının Suraxanı rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsi, sosial təminat və sosial yardım, habelə mənzil-kommunal təsərrüfatı sahələrində təcrübə mübadiləsi nəzərdə tutulur.

Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov səmimi qəbul üçün təşəkkürünü bildirərək, Azərbaycan nümayəndə heyətini təqdim edib. O, Azərbaycan və Latviyanın yerli və regional hakimiyyətləri arasında əməkdaşlığın möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Latviyaya səfərinin əsas məqsədi Siyəzən rayon icra hakimiyyəti ilə Latviyanın Valmiyer bələdiyyəsi, habelə Xızı rayon İcra Hakimiyyəti ilə Latviyanın Qulben bələdiyyəsi arasında əməkdaşlıq haqqında sazişlər imzalamaqdır.

Latviya ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun şəxsində səfirliyə təşəkkürünü bildirərək vurğulayıb ki, regional əməkdaşlığın möhkəmlənməsi iki dövlət arasında münasibətlərin və dostluq əlaqələrinin hərtərəfli inkişafına xidmət edəcəkdir.

Elə həmin gün Latviya Özünüidarə Orqanları İttifaqında görüş təşkil edilib. İttifaqın sədri Andris Yaunsleyns qonaqları salamlayaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə söhbət açıb. Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının nümayəndəsi Tofiq Həsənov səmərəli regional əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətini qeyd edib.

Latviyanın əkinçilik naziri Yanis Duklavs Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib ki, ətlik və südlük maldarlıq, habelə bekon donuzçuluğu Latviya kənd təsərrüfatının aparıcı istiqamətləridir. Qeyd edilib ki, Latviyadan Azərbaycana təxminən 400 baş südlük iribuynuzlu heyvan göndərilib. Y.Duklavs ölkədə balıq sənayesinin inkişafından söhbət açaraq qeyd edib ki, yaxın vaxtlarda bir nəfər azərbaycanlı sahibkar Latviyada nərə balığı yetişdirmək üçün ferma yaradıb.

Görüşdə kənd təsərrüfatı sahəsində də regional əlaqələri inkişaf etdirməyin vacibliyi vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin Latviyaya səfəri davam edir.

 

AzərTac.az