Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi açılıb

Posted by

Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi açılıb

Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi açılıb

Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi açılıb

Fevralın 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırım muzeyinin açılışı olub.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, muzeyin açılışında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonlarımızın icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdlikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü ilin 19 iyul tarixində baş prokuror Z.Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalanıb: “Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq materialları əsasında zəngin soyqırım muzeyi yaradılıb. Xatirə muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib”.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov isə muzeyin yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu deyib: “Bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər”.

Sonra tədbir iştirakçıları muzeylə tanış olublar. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzeyin girişində “Xocalı fəryadı” adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Həmçinin, muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində olan “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.

Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin və imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətlərin cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotolar sərgilənir.

Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib.

Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapıb.

2005-ci il mayın 5-dən etibarən Respublika Hərbi Prokurorluğu tərəfindən istintaq olunan həmin iş üzrə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 296 şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışları elan edilib. Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer alıb. Həmin əşyalar sırasında Meşəlidə bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsinə məxsus ürək ağrıdan fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq qalmış toxuma da var.

Bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, müzeydə əks etdirilən fotoşəkilləri və əyşyaları baxdıqca ürəkləri dağlayır.

Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Tədbirin sonunda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı çıxışlarını, sərəncamlarını, habelə həmin faktları özündə əks etdirən sənədli filmlərdən ibarət videoçarxa baxıblar.

Qeyd edilib ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq və bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaqdan ibarətdir.

Bu muzeyin xarici vətəndaşlara, xaricdən gələn qonaqlarımıza soyqırım, ermənilərin başımıza gətirdiyi faciələr barədə mühüm məlumatların çatdırılmasında böyük faydası olacaq.

 

Trend.az