İranın XİN müavini Naxçıvanda olub
Naxçıvan Muxtar Respublikasında səfərdə olan İranın xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpur Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirib.
SİA-nın xəbərinə görə, martın 14-də keçirilən görüşdə İ.Rəhimpur bildirib ki, İran Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir. O əlavə edib ki, bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikası mühüm əhəmiyyət daşıyır.
Qonaq İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün real imkanların olduğunu vurğulayıb. İ.Rəhimpur Ali Məclis sədrini İrana səfərə dəvət edib.
V.Talıbov isə öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. Qeyd olunub ki, hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında səmərəli əməkdaşlıq mövcuddur, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələr uğurla inkişaf etdirilir.
Ali Məclisin sədri İ.Rəhimpurun Naxçıvana səfərinin mühüm əhəmiyyət daşıdığını bildirib, münasibətlərin bundan sonra da dostluq müstəvisində inkişaf edəcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli də iştirak edib.
Qeyd edək ki, İ.Rəhimpur martın 12-14-də Bakıya səfər çərçivəsində prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşüb. Onun səfəri çərçivəsində, həmçinin Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfovun iştirakı ilə Azərbaycan-İran arasında siyasi məsləhətləşmələr də aparılıb.
Sia.az