İranın vitse-prezidenti Bakıda Bibiheybət məscidini ziyarət edib

Posted by

İranın vitse-prezidenti Bakıda Bibiheybət məscidini ziyarət edibİranın vitse-prezidenti Bakıda Bibiheybət məscidini ziyarət edib

İranın vitse-prezidenti Bakıda Bibiheybət məscidini ziyarət edib

İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şahindoxt Movlaverdi Bakıda Bibiheybət məscidini ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda İƏT-in qadın məsələləri üzrə nazirlərinin V Beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycana səfərə gələn Ş.Movlaverdi Bibiheybət məscidini ziyarət edib.

QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev qonağa ən qədim və böyük dini abidələrimizdən biri sayılan Bibiheybət məscidinin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, yeddinci İmamın (ə) – İmam Museyi Kazımın (ə) qızı Xanım Həkimənin (ə) məzarı burada yerləşdiyindən məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.

Kommunist rejiminin dini abidələrə hücumu zamanı sözügedən məscidin söküldüyünə diqqət çəkən axund xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Bibiheybət məscidinin bərpasına başlanıldığını, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə ərazidə möhtəşəm məscid-kompleksin inşa edildiyini vurğulayıb.

İranın vitse-prezidenti Ş.Movlaverdi Xanım Həkimənin (ə) məzarını ziyarət edib, məscid-komplekslə yaxından tanış olub, burada yaradılan muzeyin eksponatlarına baxıb.

Qonağa QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin adından hədiyyə təqdim olunub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova da iştirak edib.

 

Trend/az