İranın Naxçıvana yeni baş konsulu təyin edilib
İranın Naxçıvana yeni baş konsulu təyin edilib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Yeni təyin olunmuş baş konsul Mənsur Ayrım bu gün Naxçıvanla sərhəddə yerləşən Araz azad iqtisadi zonasının məsul şəxsləri ilə görüş keçirib.
Görüşdə M.Ayrım deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, sosial və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.
Baş konsul bildirib ki, ötən il ərzində Azərbaycan və İran prezidentlərinin 4 dəfə görüşü, qarşılıqlı rəsmi səfərləri iki qonşu ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsinə mühüm zəmin yaradıb.
Əlaqələrin inkişafının xalqların mənafelərinə uyğun olduğunu deyən M.Ayrım qeyd edib ki, muxtar respublikanın rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində qarşılıqlı maraqların təmin olunmasına səy göstərəcək.
O, İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi vəzifəsinin icrasına mart ayında başlayacaq.
Trend.az