İran Suriya böhranının həlli məqsədilə dörd maddəlik yeni təkliflər planı hazırlayıb
İran Suriya böhranının həlli məqsədilə dörd maddəlik yeni təkliflər planı hazırlayıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bildirib.
Onun sözlərinə görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi ilə təkliflər planının bütün detalları müzakirə edildikdən sonra digər tərəflərə təqdim olunacaq: “Bu planın detalları hələlik ictimaiyyətə açıqlanmayacaq. Diplomatik təmaslar və müzakirələrdə bu planı qiymətləndirəcəyik. Hazırda İranda səfərdə olan L.İbrahimi ilə müzakirələrdə planın bütün detallarını müzakirə edəcəyik”.
H.Ə.Abdullahiyan deyib ki, təkliflər planında Suriya böhranının həqiqi siyasi həllinə toxunulub: “Seçkilərdə və demokratik mexanizmlərdə Suriyanın suverenliyi, ərazi bütövlüyü və xalqın səsi əsas götürülməlidir”.
Qeyd edək ki, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi martın 16-dan İranda səfərdədir. L.Brahimi üçgünlük səfər çərçivəsində martın 16-da İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb. Bu gün isə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək. Daha sonra L.Brahimi H.Ə.Abdullahiyanın şərəfinə verəcəyi nahara qatılacaq.
Görüşlərdə Suriyadakı son vəziyyət və bu ölkədəki böhranla bağlı Cenevrədə keçirilmiş toplantı əsas müzakirə mövzusudur.
Apa.az