Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımları mövzusunda II Beynəlxalq elmi konfrans işə başlayıb

Posted by

Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımları mövzusunda II Beynəlxalq elmi konfrans işə başlayıb

Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımları mövzusunda II Beynəlxalq elmi konfrans işə başlayıb

 

Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımları mövzusunda II Beynəlxalq elmi konfrans işə başlayıb

Aprelin 9-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfrans işə başlayıb.

 

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Əvvəlcə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etdilər.

 

Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

 

Daha sonra ziyarətçilər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular. Məlumat verildi ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

 

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazdılar.

 

Sonra Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfrans işə başlayıb.

 

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxundu.

 

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın prezidenti akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan və başqaları çıxış edərək, ikinci dəfə keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən söz açdılar.

 

Yüzdən çox tanınmış alim və mütəxəssisin, rəsmi qonaqların iştirak etdiyi konfrans işini “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölməsi üzrə davam etdirir.

 

Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan 58 alim maraqlı məruzələrlə çıxış edəcək.

 

Konfransda təqdim olunan məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” adı ilə çap edilib iştirakçılara paylanılacaq.

 

AzərTac.az