QHT-lərin mədəniyyət sahəsində keçirilən tədbirlərinin maliyyələşməsi qaydaları təsdiq edilib
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”ı təsdiq edilib. Bu barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Nazirlik tərəfindən tədbirlər müəyyən edilir. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan vəmüsabiqə şərtləri 3 (üç) iş günü müddətində Nazirliyin rəsmi elektron saytında dərc edilir.
Qaydalara əsasən müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun müvafiq sənədlərlə birlikdə Nazirliyə təqdim edirlər.
Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası (bundan sonra – Komissiya) yaradılır.
Bundan əlavə, QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək bu Qaydanın 2.2.1-2.2.6-cı yarımbəndlərində göstərilən müvafiq sənədlərlə birgə Nazirliyə təqdim edilir. Qəbul edilən ərizələr barədə məlumat onların qəbul edildiyi tarixdən etibarən 1 gün sonra Nazirliyin rəsmi elektron saytında dərc edilir.
QHT-lərin təklifləri Komissiya tərəfindən ərizələrin qəbulu müddəti başa çatandan sonra 15 gün müddətində qiymətləndirilir. Qiymətləndirmə aparılarkən QHT-lərin bu sahədə təcrübəsi, təqdim edilən layihənin ictimai əhəmiyyəti, təkrarolunmazlığı, müvafiq mədəniyyət sahəsinin inkişafının təmin edilməsi, cəmiyyətin həssas üzvlərinin (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) həmin tədbirdə iştirakı meyarları əsas götürülür, habelə onun maliyyə tutumu nəzərə alınır.
Trend.az