QHT-lərə Dövlət Dəstəyi Şurası 2013-cü il fəaliyyəti ilə bağlı hesabat verib

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurası 2013-cü il fəaliyyəti ilə bağlı hesabat verib

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü il fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan sədr Azay Quliyev Şuranın ötən ildəki fəaliyyəti haqqında ətraflı məlumat verib.

2013-cü ilin səmərəli olduğunu qeyd edən A.Quliyev ötən il bir çox uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb: “Biz 2013-cü ildə qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olmuşuq”.

A.Quliyev ötən il baş vermiş müsbət dəyişikliklər sırasında “İctimai iştirakçılıq haqqında” qanunun Milli Məclisdə qəbul olunmasını, QHT-lərdən layihələrin elektron formada qəbuluna başlanmasını, QHT-lərin maliyyə hesabatlarının sayının azaldılmasını və s. vurğulayıb.

Şura sədri əlavə edib ki, Şura 2013-cü ildə yerli və xarici QHT-lərin layihələrini maliyyələşdirmək məqsədilə üç maliyyə yardımı müsabiqəsi elan edib: “Maliyyələşdirmə istiqamətləri üzrə tərtib edilən mövzular əvvəlki illərdə olduğu kimi, yenə də, Azərbaycanın mövcud reallıqlarını əhatə edib, cəmiyyət üçün aktual problemlərin həllinə yönəlik təşəbbüslərin dəstəklənməsinə yönəlib”.

Onun sözlərinə görə, ötən il yerli QHT-lərin Şura tərəfindən dəstəklənmiş 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat vəsait ayrılıb. Birinci müsabiqədə insan hüquq və azadlıqları, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemləri, elm, təhsil, mədəniyyət məsələləri, ailə institutunun möhkəmləndirilməsi, gənclər, uşaq problemləri, səhiyyə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı işlər, Azərbaycan mədəniyyətinin xaricdə təbliği kimi vacib mövzular yüzlərlə QHT tərəfindən proritet seçilib. Məişət zorakılığına və insan alverinə qarşı mübarizə, eləcə də gənclər arasında narkomaniya və ziyanlı vərdişlərlə mübarizə problemlərinə həsr olunmuş layihələrin sayı ictimai aktuallıq kəsb edən mövzular sırasında 2013-cü ildə keçən illərdəkinə nisbətən artıb”.

Şura sədri əlavə edib ki, 2013-cü ilin 1-ci və 2-ci maliyyə yardımı müsabiqələrində maliyyələşən layihələr çərçivəsində “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər” və “İctimai əhəmiyyətli nəşrlərin dəstəklənməsi” istiqaməti üzrə 10 təşkilat tərəfindən xarici ölkələrdə 21 tədbir, bir təşkilat tərəfindən Bakı şəhərində 3 “dəyirmi masa” və 1 teledebat keçirilib, 10 kitab nəşr edilib, 1 sayt hazırlanıb. Ümumilikdə bu layihələrə 124 500 manat vəsait ayrılıb.

A.Quliyev əlavə edib ki, Şuranın elan etdiyi ikinci maliyyə müsabiqəsi də əvvəlki müsabiqələrdən həm mövzu etibarı ilə, həm də onların icra metodologiyası ilə seçilib: “Əsasən kütləvi təbliğat formalarını nəzərdə tutan maarifləndirmə tədbirləri, xüsusilə əhalinin gündəlik həyatında aktualklıq kəsb edən, eləcə də, yeni qəbul edilmiş qanunların təbliğimüsabiqənin əsas qayəsini təşkil edib. bu müsabiqədə günümüzün ən vacib problemlərindən olan ərzaq təhlükəsizliyi məsələləri, həmçinin kənd təsərrüfatında ekoloji təmiz-orqanik məhsulların yetişdirilməsi, genetik modifikasiya olunmuş məhsullara qarşı mübarizə tədbirləri də QHT-lər tərəfindən proritet layihə fəaliyyəti istiqamətləri kimi seçilib”.

A.Quliyev vurğulayıb ki, 2013-cü ildə Şura ilk dəfə milli donor olaraq həm də bir sıra xarici QHT-lərin Azərbaycanla, insan hüquqları və demokratik dəyərlər ilə bağlı layihələrini malliyələşdirməyə başlayıb: “15 ölkə QHT-ləri üçün elan edilmiş maliyyə yardımı müsabiqəsi Şuranın beynəlxalq fəaliyyətində ilk təcrübə olsa da müvəffəqiyyətlə keçirilib. Bu layihələrin əsas mövzuları kimi Xocalı soyqrımının tanıdılması, regional təhlükəsizliyin və insan hüquqlarının təmin olunması və Azərbaycan mədəniyyətinin təbliği üzrə fəaliyyətlər nəzərdə tutulur”.

Şura sədri əmin olduğunu bildirib ki, Azərbaycanın iqtisadi, mədəni və mənəvi yüksəlişinə ictimai təşkilatların layiqli töhfələri növbəti illərdə də uğurla davam edəcək.