Qazaxıstanda türkdilli dövlətlərin vahid informasiya fəzasının formalaşdırılması məsələsi müzakirə edilib

Posted by

Türkdilli dövlətlər arasında inteqrasiyanı təmin etmək üçün vahid informasiya fəzasının formalaşdırılması çox vacibdir. Bu prosesdə isə Ortaq Türk Televiziyasının yaradılmasının xüsusi rolu olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qazaxıstanda keçirilən “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumunun yekun müddəalarında əksini tapıb.

Qazaxıstanın türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan şəhərində keçirilən “Türk dünyası və informasiya fəzası” beynəlxalq forumu öz işinə iştirakçıların Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət ilə başlayıb.

Əhməd Yəsəvi Universitetində təşkil olunan forumu açıq elan edən Cənubi Qazaxıstan vilayətinin akimi Janseyid Tüymebayev ötən il Azərbaycanın Şəki şəhərinin türk dünyasının mədəniyyət paytaxtı kimi bu işin öhdəsindən böyük uğurla gəldiyini deyib.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali hazırda inteqrasiyanın elmi və ictimai əsaslarının tədqiq edilməsinin vacibliyinə toxunub. Akademiya prezidenti rəhbərlik etdiyi qurumun nəzdində “Türk dünyası jurnalistlərinin dostluq klubu”nun yaradılacağını deyib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov forumun əhəmiyyəti və Qazaxıstanda medianın hazırkı durumu ilə bağlı fikirlərini çatdırıb.

Panellərdə türk dünyasının informasiya məkanında mövcud olan problemlər mövzusunda müzakirələr aparılıb. Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı türk dünyasının inteqrasiyasında yaradılması nəzərdə tutulan ortaq televiziyanın rolu və əhəmiyyətindən danışıb, eyni zamanda, Qazaxıstanın latın əlifbasına keçidinin buna ciddi təkan verəcəyini qeyd edib.

Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev isə Şuraya üzv ölkələrin dövlət başçılarının bu istiqamətdə təlimatları və görülən işlər barədə məlumat verib.

Qazaxıstanın dövlət informasiya agentliyi – “Kazinform”un baş direktoru Askar Umarov forumun türk dünyası jurnalistlərinin bir araya gətirilməsi baxımından vacib platforma olduğunu qeyd edib.

Türkiyənin NTV telekanalının xarici xəbərlər müdiri Ahmet Yeşiltepe media və jurnalistlərin cəmiyyətin lokomotivləri kimi türk dünyasının inteqrasiyasında özəl bir rola sahib olduğunu qeyd edib. Ahmet Yeşiltepe türk dünyasını bir araya gətirən, onun bütünlüyünə xidmət edəcək televiziya layihəsini qurarkən idarəçilik, maliyyə, məzmun və hansı dildə yayımlanacağı kimi məsələlərə önəm verilməsinin vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, türk xalqlarının ortaq tarixi, mədəniyyəti, təhsili, incəsənəti və milli dəyərlərini tanıdaraq, qardaş ölkələrin mənəvi sərvətinin zənginləşməsinə verdiyi töhfələrə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıraliyə Cənubi Qazaxıstan valisi tərəfindən xüsusi medal təqdim edilib. Həmçinin bu istiqamətdə səmərəli fəaliyyətlərinə görə Türkiyə, Azərbaycan və Qazaxıstandan olan dörd jurnalist – Ahmet Yeşiltepe, Kürşad Zorlu, Aida Eyvazlı və Askar Umarov Türk Akademiyasının “İsmayıl Qaspıralı adına media mükafatı”na layiq görülüblər.

AZƏRTAC