Qafqaz Müsəlmanları İdarəsinin sədri Nalçikdə Kabardin-Balkar Respublikasının Prezidenti ilə görüşüb

Posted by

Qafqaz Müsəlmanları İdarəsinin sədri Nalçikdə Kabardin-Balkar Respublikasının Prezidenti ilə görüşübQafqaz Müsəlmanları İdarəsinin sədri Nalçikdə Kabardin-Balkar Respublikasının Prezidenti ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Nalçikdə Kabardin-Balkar Respublikasının Prezidenti ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikə səfəri çərçivəsində Prezident Yuri Kokov ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Prezident Yuri Kokov Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident Nalçikdə “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirakına görə şeyxülislama minnətdarlığını bildirib.

Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Yuri Kokova çatdırıb. QMİ-nin sədri deyib ki, Azərbaycanla Kabardin-Balkar qardaş respublikalardır və qarşılıqlı münasibətlərin inkişafı hər iki tərəfin istəyidir. Şeyxülislam vurğulayıb ki, dünyada və İslam aləmində baş verən problemlər bizim birgə problemlərimizdir və biz onları birlikdə həll etməliyik.

A. Paşazadə Kabardin-Balkarın Prezidentini Azərbaycana səfərə dəvət edib.

Görüşdən sonra şeyxülislam A. Paşazadə beynəlxalq elmi konfransda iştirak edib.

Kabardin-Balkar Respublikası Prezidentinin də iştirak etdiyi konfransın gündəmində olan mövzular dünyada baş verən müharibələr, din adından sui-istifadə halları, radikallıq və ekstremizm tendensiyaları və bu problemlərdən çıxış yollarına həsr edilib. Konfransın işində dünya miqyasında tanınmış müsəlman din alimləri, nüfuzlu ictimai xadimlər iştirak ediblər.

A.Paşazadə konfransda məruzə ilə çıxış edib.

Səfər zamanı şeyxülislam A.Paşazadəni QMİ sədrinin birinci müavini Salman Musayev, idarənin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov və başqaları müşayiət ediblər.

 

AzərTac.az