Qafqaz Müsəlmanları İdarəsi axund və imamlara vahid geyim paylayıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyət göstərən din xadimlərini təkmilləşdirmə kurslarının ilk mərhələsinin başa çatması ilə bağlı bu gün sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, çıxış edən A.Paşazadə bildirib ki, bu təkmilləşmə kursları dindarlara din öyrədilməsi demək deyil: “Çünki artıq dinə münasibətdə bəzi məsələlər dəyişməlidir. Siz buradan qayıdandan sonra moizələrinizdə çox böyük dəyişiklik olmalıdır. Siz burada Şəhidlər Xiyabanını və digər yerləri gördünüz. Haqqı və ədaləti təbliğ etməlisiniz. Ən böyük üstünlük isə odur ki, burada imam və axund eyni yerdə əyləşib, eyni bilikləri bölüşdü”.
Tədbirdə din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat və din xadimləri üçün QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim olunub. Kurslarda iştirak etmiş 50 nəfər din xadimi, yəni Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar. Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı, QMİ sədri Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin sanballı mühazirələrini dinləyiblər.
Din xadimlərinin təkmilləşdirmə kursları mütəmadi olaraq bundan sonra da davam edəcək.
Apa.az