Prezident təqaüdü alan şəxslərin sayı 53 min 12 nəfərə çatıb
Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü təyin olunan şəxslərin sayı hazırda 53 min 12 nəfər təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin aprel ayının əvvəlindən ayrı-ayrı təbəqələrdən olan vətəndaşlara təyin olunmuş Prezident təqaüdlərində əhəmiyyətli artımlar olub. Bununla da 2014-cü ilin ilk rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50 faizə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8 faiz çox olub. Eyni zamanda, ötən il aprelin 1-dən I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara, cari ilin əvvəlindən isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də Prezident təqaüdünün təyin olunaraq ödənilməsinə başlanılıb.
Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk rübündə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 18 min 136 nəfər (52 faiz), bu təqaüdlər üçün dövlət büdcəsindən yönəldilən vəsait isə 5,3 milyon manat və ya 35,4 faiz artıb.
AzərTac.az