Prezident İlham Əliyev Yevlax hava limanının açılışında iştirak edib

Posted by

Prezident İlham Əliyev Yevlax hava limanının açılışında iştirak edib

Prezident İlham Əliyev Yevlax hava limanının açılışında iştirak edibPrezident İlham Əliyev Yevlax hava limanının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Şahin Kərimov Prezident İlham Əliyevə Yevlaxın inkişafına verdiyi dəstəyə görə təşəkkür etdi.

Gənclər adından çıxış edən Əli Quliyev isə ölkəmizdə yürüdülən gənclər siyasətinə verdiyi töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxdı.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşamışdır. Birinci mərhələ 1978-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilmiş, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılmışdı. Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulmuşdu. Uçuş-enmə zolağı işıq-siqnal sistemi ilə təchiz edilmiş, uzaq və yaxın ötürücülər, radiomayak, pelenqator və dispetçer radiolokatoru quraşdırılmışdı. Bu, “Yak-40” reaktiv təyyarələrinin gecə-gündüz qəbulunu təmin etməyə və hava gəmilərində Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax, Yevlax-Minvod-Yevlax istiqamətlərində uçuşların açılmasına imkan vermişdi. Sərnişinlərə xidmət göstərilməsi üçün saatda 100 sərnişin buraxılış qabiliyyəti olan aerovağzal binası da inşa olunmuşdu. Həmin vaxtlar perronda, eyni zamanda, 4 “Yak-40” təyyarəsi yerləşə bilirdi. İkinci istiqamət üzrə “AN-2” tipli kənd təsərrüfatı təyyarələrinə xidmət göstərilməsi üçün baza yaradılmış, onlar üçün anqar, bu təyyarələrin aviasiya və radio avadanlıqlarına xidmət laboratoriyası və akkumulyator binası tikildi. O dövrdə yanacaq-sürtkü materialları anbarı və “AN-2” təyyarələri üçün 60 dayanacaq inşa edilərək hava limanı genişləndirilmişdi. Uçuş və texniki-mühəndis heyətləri, onların ailələri üçün istirahət və yaşayış şəraiti yaradılmışdı. Aviaşəhərciyin ərazisi abadlaşdırılmış, buradakı klub və digər sosial təyinatlı obyektlər təmir edilmişdi.

Prezident İlham Əliyevin diqqət və qayğısı Yevlax hava limanının inkişafında mühüm mərhələ olmuşdur. Məhz bu diqqət və qayğı nəticəsində qısa müddətdə yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilmiş, aerovağzal müasirləşdirilmiş, yardımçı bina və tikililər yenidən bərpa olunmuşdur.

Bildirildi ki, milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulmuşdur. Burada həyata keçirilən işlər ölkəmizdə gedən inkişaf proseslərinin əyani sübutudur.

Hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırıldı ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur.

Qeyd olundu ki, vağzalyanı meydan abadlaşdırılmış, 60 avtomobil tutumlu dayanacaq tikilmişdir. Hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyası inşa olunmuş, 1300 metr uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilmişdir. Bundan əlavə, radionaviqasiya sistemlərinin və işıq-siqnal avadanlığının elektrik enerjisi ilə təmin olunması üçün transformator yarımstansiyası tikilmiş və 250 kilovolt gücündə dizel generatoru quraşdırılmışdır. Burada təhlükəsizliyin təmin olunması üçün aeroport boyu 9 kilometr uzunluğunda mühafizə hasarı çəkilmişdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələb və normalarına cavab verən, Avropa istehsalı olan radio və meteoavadanlıq – enmə sistemi, meteosistem, hava hərəkətini idarəetmə sistemi və rabitə sistemi quraşdırılmışdır. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaqdır. Hava limanına yeni yol salınmış, böyük abadlıq işləri görülmüşdür.

Sonra xatirə şəkilləri çəkdirildi.