Prezident İlham Əliyev və xanımı Qusarda bir sıra otellərin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər

Posted by

Prezident İlham Əliyev və xanımı Qusarda bir sıra otellərin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olmuşlar.

Dövlətimizin başçısı və xanımı “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişlər.

“Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişdir. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. O vaxtdan etibarən görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilmiş, körpülər tikilmiş, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir.

Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmişdir.

2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmiş və bu istiqamətdə bir çox tədbirlər görülmüşdür. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin göstəricisidir. Bu çərçivədə “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılmışdır. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak etmişdir. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olmuş, bir neçə obyektin və otelin açılışında iştirak etmişdir. Artıq ötən qış mövsümündə kompleks ilk turistləri qəbul etməyə başlamışdır.

Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

Dövlətimizin başçısı və xanımı əvvəlcə beşulduzlu “Pik Palas” otelinin açılışında iştirak etdilər.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Paytaxtdan 230 kilometr şimalda, “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Pik Palas” oteli dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuşdur və onun hər bir elementi məmnunluq doğurur.

Dövlətimizin başçısı otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Otel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” oteli geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunmuşdur. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır.

Mehmanxananın lobbisində yerləşən “Chocolat Patisserie” cah-calallıq və rahatlıq aurası yaradır. Burada şokolad trüfeli hazırlanan guşə mövcuddur. “Alpina Brasserie & Wine Bar” gün ərzində nahar etmək üçün nadir inqrediyentlər və orijinal yeməklər təqdim edir. “Fujisan Restaurant & Bar” Yaponiya və Koreya yeməklərinin nadir vəhdətini təcəssüm etdirən mətbəxi ilə fərqli təcrübə təklif edir. Xüsusi bayramlar və ya özəl nahar görüşləri üçün bu restoran ideal məkandır. Fitnes xidmətlərinə idman zalı, saunalar və buxar otağı, qapalı üzgüçülük hovuzu və cakuzi, açıq havada günəş şüası qəbul etmək üçün isidilmiş üzgüçülük hovuzu daxildir. Dəbdəbəli SPA məkanında çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və SPA prosedurları, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. Sütunsuz, hündür tavanlı, təbii gün işığı ilə işıqlanan “Akasiya” ziyafət zalında ayaqüstü tədbirlər üçün 600-ə qədər, banket üslubunda 350-dək qonağı yerləşdirmək mümkündür.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu “Şahdağ” otelinin açılış mərasimində iştirak etdilər.

Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdilər.

Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdag” otelində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, bu otel yüksək səviyyəli dəbdəbəni, qonaqpərvərliyin ən üst səviyyəsini əməkdaşlarının səmimiyyəti ilə qonaqlarına təqdim edən gözəl istirahət məkanıdır. Burada təklif olunan müasir interyer və yüksək xidmətlər, xoş əhval yaradan otaqlar qonaqlara unudulmaz təəssürat bağışlayacaqdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 173 otağın olduğu otel nömrələri 5 kateqoriyaya bölünür – superior, deluxe, junior suite, suite və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan nömrələr. Otaqlarda qonaqların rahatlığı üçün hər cür şərait yaradılmış, termostatik duş, kabel televiziyası, havalandırma sistemi quraşdırılmış, internet və digər xidmətlər təklif olunur. Oteldə fəaliyyət göstərən restoranlar şəbəkəsində milli və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir. Bar və kafelərdə də yüksək xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır. “Ovdan SPA” və “SPA Bar” Azərbaycanda olan ən böyük SPA mərkəzlərindən biridir. Bundan əlavə, oteldə bir qapalı hovuz, zəruri avadanlıqla təchiz olunan idman zalı, uşaq bağçası, xizək avadanlığının satıldığı alış-veriş mərkəzi fəaliyyət göstərir. Buradakı üç iclas və konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, ən son səs avadanlığı quraşdırılmışdır.

“Şahdağ” qış-yay turizm kurortu qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada möhtəşəm təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı vardır. Burada müxtəlif səviyyəli idmançılar və həvəskarlar üçün 19-dan çox xizəklə sürüşmə yamacları planlaşdırılmışdır. Buradakı xizəksürmə məktəbi müxtəlif kurslar təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcəkdir. Bölgəni yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də gələcəkdə qonaqların istifadəsinə təqdim olunacaqdır. Bundan əlavə, böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılmışdır.

Dövlətimizin başçısı və xanımı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu oteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış oldular.

Xüsusi memarlıq üslubunda inşa olunmuş binada aparılan tikinti-quraşdırma işləri zamanı ilk növbədə qonaqların istirahətinin və rahatlığının təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ümumi sahəsi 22 min kvadratmetrdən çox olan oteldə 164 nömrə yaradılacaqdır. Onlardan 149-u standart, 13-ü suit, 2-si isə dupleks suit nömrədir. Burada müxtəlif restoran, kafe və barlar fəaliyyət göstərəcəkdir. Oteldəki 112, 65, 52 və 45 nəfərlik restoran və kafelərdə qonaqlara keyfiyyətli xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaqdır. Burada 130 nəfərlik konfrans zalı da qurulur. Otelə biznes mərkəzi, müxtəlif trenajorların quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə birləşdirən SPA, hovuz və digər xidmət obyektləri daxildir. Binanın altında 77 yerlik avtomobil dayanacağı da inşa olunmuşdur.