Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Ölkələr arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövlət başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu deyib.

Əməkdaşlığın yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd edib. Dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana bu səfərinin ölkələr arasında ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirib. Mixeil Canelidze qeyd edib ki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir. Bu il ölkələr arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayan qonaq ötən dövr ərzində əldə olunan nəticələrin əhəmiyyətini diqqətə çatdırıb, münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasların olduğunu deyib. Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən Mixeil Canelidze ölkələrin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini də qeyd edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Trend.az