Prezident İlham Əliyev Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana gələn Bolqarıstan prezidenti ilə görüşüb

Posted by

Prezident İlham Əliyev Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana gələn Bolqarıstan prezidenti ilə görüşübİlham Əliyev: “Birinci Avropa Oyunları bəzi parametrlərə görə Yay Olimpiya Oyunlarından yüksəkdə dayanır”

Prezident İlham Əliyev Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana gələn Bolqarıstan prezidenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev iyunun 28-də birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan prezidenti Rosen Plevneliyevlə görüşüb.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Rosen Plevneliyevi qarşılayıb.

 

Görüşdə Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub. Rosen Plevneliyev tarixdə ilk dəfə baş tutan birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycan prezidentini təbrik edib, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlət başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. Rosen Plevneliyev onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını deyib. Bolqar idmançıların Bakıda onlar üçün yaradılan şəraitdən heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Bolqarıstan dövlətinin başçısı idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Prezident İlham Əliyev bir vaxtlar Avropa Oyunları ideyasına pessimist yanaşıldığını, standartları mövcud olmayan belə Oyunların lazımsızlığı barədə düşünənlərin olduğunu bildirib.

 

“Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, – deyən dövlət başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandığını diqqətə çatdırıb. Azərbaycan prezidenti digər ölkələrin nümayəndə heyətlərinin də birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirdiklərini vurğulayıb.

 

Söhbət zamanı ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin siyasi, iqtisadi, energetika, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

 

Apa.az