Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Dövlət başçısı qeyd edib: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.
Siz əsrlər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub saxlanmasını təmin etmiş, tariximizə öz uzaqgörənliyiniz, fədakarlıq və qəhrəmanlıqlarınızla parlaq səhifələr yazmısınız. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik dilimizin ötən dövrlərin sınağından çıxaraq bu gün də yaşaması və zənginləşməsində misilsiz xidmətləriniz vardır. Gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvənizi sərf edirsiniz. Siz həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarığınızı getdikcə daha böyük əzmlə gerçəkləşdirirsiniz.
Cəmiyyətimizin həyatına dinamizm qazandıran sosial fəallığınız və onun ahəngdarlığını təmin edən yüksək ictimai mövqeyiniz zəngin mənəviyyatınızın, dərin zəkanızın, təşkilatçılıq qabiliyyəti və işgüzarlığınızın nəticəsidir. Azərbaycanın gələcək inkişafına uyğun, mühüm əhəmiyyətli layihələrin daimi iştirakçıları olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətlərinizlə siz göstərilən etimadı həmişə doğrultmusunuz. İctimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə apardığınız səmərəli işlərin bəhrələri yurdumuzun hər bir guşəsində özünü aydın şəkildə büruzə verir. Ölkənin hazırkı simasının müəyyənləşməsində özünəməxsus yer tutan və əhatə dairəsi mütəmadi genişlənən müvəffəqiyyətləriniz müasir Azərbaycan reallığının diqqətəlayiq hadisələridir.
Ümidvaram ki, siz xanımlar xalqımıza xas milli mənəvi dəyərləri bundan sonra da yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamızın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz”.
Trend/az