Prezident İlham Əliyev Özbəkistan baş nazirinin müavinini qəbul edib

Posted by

Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.

A. Sultanov bildirib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və İlham Əliyevin xalqının böyük oğlu olduğunu deyir.

O qeyd edib ki, Özbəkistan prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır. O bildirib ki, Özbəkistan prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işlər aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan A. Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.

APA