Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib

Posted by

Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib

Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib

Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib

“Vergi Məcəlləsinə dəyişiklik ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur”. “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 

Onun sözlərinə görə, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur: “Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir”.

 

Z. Səmədzadə dəyişikliklərin mahiyyəti barədə də məlumat verib: “Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Həmin məhsullar ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən digər məhsulların satışı kimi bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Qeyd edilənlər nəzərə alınaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycan Respublikasında istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib”.

 

Komitə sədri əlavə edib ki, dəyişiklik layihəsində ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

 

Millət vəkili Qüdrət Həsənquliyev vergi yükünün azaldılmasını təklif edib: “Uzun müddətdir ki, mətbuatda iqtisadçılar, ekspertlər və mütəxəssislər vergi yükünün çox olması ilə bağlı müzakirələr açırlar. Bəzən sahibkarlar daha az vergi ödəmək üçün vergi orqanlarının əməkdaşları ilə cinayət əlaqəsinə girməyə, vergi orqanları əməkdaşlarını yoldan çıxarmağa çalışır. Hesab edirəm ki, vergi yükünün azaldılması vergidən yayınmanın qarşısının almasına xidmət edəcək”.

 

Milli məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu dəyişikliklər vergi yükünün azaldılmasına xidmət edir.

 

Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, vergilər sahəsində islahatları nəzərdə tutan qanun layihəsinin mahiyyət və fəlsəfəsinə fikir vermək lazımdır: “Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, şəffaflığın artırılması, nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer qiymətqoyma, uçot siyasətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən intizamlı vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir”.

 

Avtomobillər üçün aksiz dərəcəsinin artırılmasına gəlincə, F. Məmmədov bildirib ki, bu dəyişiklik sosial bərabərliyin, ədalətin təmin edilməsi məqsədi daşıyır: “Bəlkə də avtonəqliyyat vasitələri daha az gətiriləcək və büdcəyə daxilolma azalacaq. Amma sosial bərabərlik müəyyən edilməlidir. İstirahət üçün olan yaxtalar və digər məsələlər bütün bunlar hamısı əlavə vergiyə cəlb olunmalıdır. Digər sosial təbəqə üçün, aztəminatlı təbəqə üçün lazım olan məsələlər isə daha çox vergidən azad olma və sadələşdirilmiş vergi yükü ilə təmin edilməlidir. Xahiş edirəm, ümumi paketin fəlsəfəsinə diqqət yetirək. Fərəc Quliyev siz qanunu düzgün şərh etmirsiniz. Bu günə qədər ticarət obyektlərində bütün dövriyyə vergiyə cəlb olunurdu. İndiki qanunvericilik onu azad edir. İndiki dəyişiklik məhsul hansı qiymətə alınıbsa, bu məbləği ƏDV-dən çıxırlar üstünə qoyulan gəlirdən ƏDV tutulmasından gedir. Sosial təbəqə və pərakəndə ticarət üçün bundan böyük və yaxşı şərait ola bilərmi?”.

 

Sonra Vergi Məcəlləsinə dəyişikliklər səsə qoyularaq qəbul edilib.

 

Apa.az