Parisdə Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub

Posted by

Parisdə Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olubParisdə Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub

Parisdə Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub

Paris şəhərində YUNESKO-nun İcraiyyə Şurası çərçivəsində Bakı Prosesi və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə bildiriblər ki, təqdimatı açan Şuranın sədri səfir Məhəmməd Əmr ölkəmizin təşəbbüsünün dünyada sülh və əməkdaşlığa xidmət etdiyini qeyd edib. YUNESKO adından çıxış edən baş direktor İrina Bokova müasir qlobal proseslər, rəhbərlik etdiyi təşkilatın mədəniyyətlər və dinlərarası dialoqa töhfələri barədə qeyd edərək Azərbaycanın təşəbbüsünün belə məsələlərdə olduqca əhəmiyyətli olduğunu və YUNESKO-nun Forumla tərəfdaşlığının davam edəcəyini ifadə edib.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın fəaliyyətinə toxunan baş direktor onun fəaliyyətinin də YUNESKO-nun məqsəd və prinsiplərinə böyük dəstək olduğunu vurğulayıb.

 

Daha sonra geniş təqdimatla çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Prosesi və Forumun ölkə başçısı cənab İlham Əliyev tərəfindən dünya mədəniyyətləri arasında dialoq və anlaşmanı təşviq etmək məqsədilə irəli sürülən təşəbbüs olduğunu, ölkəmizin belə məsələlərdə körpü rolu oynadığını, xalqımızın multikultural tərkibli zəngin mehriban, birgə yaşama ənənələrinə sahib olduğunu və bu kimi ənənələrimizi dünya ictimaiyyəti ilə bölüşmək istədiyimizi diqqətə çatdırıb. Ə.Qarayev cənab Prezidentin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini 2010-cu ildə BMT Baş Assambleyasında çıxışı zamanı bəyan etməsinin beynəlxalq ictimaiyyətin sülh və dialoq şəraitində, irqi, dini, milli fərq qoyulmadan yaşamaq üçün bir çağırışı olduğunu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olduğu zaman da bu prinsiplərə sadiqliyini öz fəaliyyəti ilə sübut etdiyini bildirib.

 

Forumun tərəfdaşları olan YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BM Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun Forum çərçivəsində ölkəmizlə birgə olduqca maraqlı tədbirlər təşkil edəcəyini qeyd edən nazir hər bir təşkilata, xüsusilə YUNESKO-ya təşəkkürünü ifadə edib.

 

Nazirin çıxışından sonra Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri, cənab Prezident İlham Əliyevin təşəbbüsü olan Bakı Prosesi və Foruma həsr edilən film nümayiş etdirilib. Tərəfdaş qismində Avropa Şurasının demokratik iştirak və vətəndaşlıq məsələləri üzrə direktoru Jan Kristov Ba çıxış edərək təmsil etdiyi təşkilatın mədəniyyətlərarası dialoq fəaliyyətlərinə böyük önəm verdiyini və Bakı Prosesi başlandığı gündən Azərbaycanın bu xoşməramlı təşəbbüsünü dəstəklədiklərini, xüsusilə də Forumun təşkilatlararası əməkdaşlığa da böyük töhfə verdiyini qeyd edib.

 

Koventri Universitetinin professoru, Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi Bakı Prosesinin və Forumun dünyada artan milli, irqi, dini və mədəni anlaşılmazlıqların qarşısını alamağa, dialoq və sülhə xidmət etdiyini bildirərək Azərbaycanın bu təşəbbüsünün nəinki siyasi mühitdə, eləcə də akademik mühitdə alqışlandığını diqqətə çatdırıb.

 

Daha sonra Şuranın üzv ölkələri və iştirakçılar Foruma ev sahibliyi edəcək Azərbaycan tərəfinə suallar ünvanlayaraq tədbirin təfərrüatları barədə ətraflı məlumat əldə ediblər. Yekunda YUNESKO yanında daimi nümayəndə Anar Kərimov tədbirə böyük maraq göstərdiklərinə görə üzv ölkələrə, həmçinin İcraiyyə Şurası çərçivəsində belə bir təqdimatın təşkil edilməsinə şərait yaratdığına görə iclasın sədri səfir M.Əmrə təşəkkürünü bildirib.

 

Tədbir sərgi və forumun şərəfinə verilən ziyafətlə davam edib.

 

Trend.az