Pakistan – Azərbaycan əlaqələrinin perspektivləri müzakirə olunub

Posted by

Pakistan - Azərbaycan əlaqələrinin perspektivləri müzakirə olunubPakistan – Azərbaycan əlaqələrinin perspektivləri müzakirə olunub

Pakistan - Azərbaycan əlaqələrinin perspektivləri müzakirə olunub

Pakistanın Bəlucustan əyaləti Parlamentinin sədri Mir Can Camali və Milli Assambleyadakı Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi Azərbaycanın bu ölkədəki səfirliyində olublar.

Görüşdə ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində rəsmi Bakının təşəbbüsləri haqqında məlumat verilib.

Pakistan Senatının 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıdığını, 2013-cü il mayın 10-da isə Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələr qəbul etdiyini xatırlayan səfir Daşqın Şikarov bu və digər məsələlərdə ölkəmizə verdiyi dəstəyə görə, qonaqlara təşəkkürünü bildirib.

Qonaqlar Pakistanın Milli Assambleyası və Bəlucistan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin qurulmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyindən danışıb, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimi dostluğa arxalandığını vurğulayıblar.

M. C. Camali 2012-ci il martın 1-də ölkəmizə səfərini və Azərbaycanın Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərini xatırlayıb.

F.K. Kundi bu ilin oktyabrında Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etdiyini xatırladıb, forum çərçivəsində Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla qeyd edib. O, Pakistanın Dera İsmail Xan bölgəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Heydər Əliyev Su Təchizatı Sisteminin tikintisinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıq edib.

Bəlucistan parlamentinin sədri Pakistanda, xüsusilə Bəlucistanın zəlzələdən zərər çəkən ərazilərində həyata keçirilən humanitar aksiyalara görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.

 

AzərTac.az