Ombudsman Aparatı Bakı İstintaq təcridxanasında ölmüş şəxslə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb
Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq təcridxanasında ölmüş təqsirləndirilən şəxslə bağlı araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə mətbuatda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında (BİT) saxlanılan Ağayev Rasim Əbdül oğlunun ölməsi və bunun işgəncə nəticəsində baş verməsi ehtimalı barədə məlumat yayılıb.
Müvəkkilin bu məsələ ilə bağlı tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları (həkim də daxil olmaqla) BİT-də araşdırma aparıblar.
Məlum olub ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 16 yanvar 2014-cü il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Ağayev Rasim Əbdül oğlu 17 yanvar 2014-cü il tarixdə BİT-ə gətirilib və həmin gün təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilib. Müəssisə həkimləri tərəfindən onun bədəninə keçirilmiş baxış zamanı xəsarət aşkar edilməyib.
Araşdırma zamanı İstintaq təcridxanasının rəisi, saxlanıldığı korpusun nəzarətçiləri, tibb-sanitar hissəsinin rəisi və onunla bir kamerada saxlanılan təqsirləndirilən şəxslərlə söhbət aparılıb, sənədləri nəzərdən keçirilib.
Məlum olub ki, 25 mart 2014-cü il tarixdə təxminən saat 16:45 radələrində həbs olunmuş R.Ağayevin səhhəti saxlanıldığı kamerada qəflətən pisləşib və xidmətdə olan nəzarətçi tərəfindən həkimə müraciət olunub. Həkim dərhal R.Ağayevi kamerasında müayinə edib, bu zaman xəstənin huşu özündə olmayıb, tənəffüsü səthi və uzun fasiləli olub, arterial qan təzyiqinin kəskin enməsi, nəbzinin sapvarı olması müşahidə edildiyindən ona ilkin tibbi yardım göstərilib və xəstə dərhal tibb-sanitar hissəsinə gətirilib. Tibb-sanitar hissəsindən alınmış arayışa görə, R.Ağayev dərin aqoniya vəziyyətində olub, göstərilən tibbi yardıma baxmayaraq, o, qısa müddətdən sonra həmin gün saat 16:50 radələrində ölüb.
Onunla bir kamerada saxlanılan şəxslərlə söhbət zamanı onlar R.Ağayevin səhhətində problemlərin olduğunu, bir neçə dəfə həkim müayinəsindən keçdiyini və ambulator müalicə aldığını bildiriblər. Ölümün baş verdiyi gün həmin kamerada bir yerdə olduqlarını, R.Ağayevin səhhətinin pisləşdiyi üçün dərhal nəzarətçiyə məlumat verdiklərini, qısa müddətdə həkimin gəldiyini və ona yardım göstərdiyini söyləyiblər.
Bu şəxslərin hər biri ilə söhbət zamanı onlar İstintaq təcridxanasının əməkdaşları tərəfindən R.Ağayevə və onlara qarşı hər hansı zorakılığa yol verilmədiyini, həmin gün R.Ağayevin kameradan çıxarılmadığını bildiriblər.
Həmçinin məlum olub ki, məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda da araşdırma aparılır.
Trend.az