Novruz bayramı Vaşinqtonda da qeyd olunmuşdur

Posted by

Novruz bayramı Vaşinqtonda da qeyd olunmuşdur

Novruz bayramı Vaşinqtonda da qeyd olunmuşdur

Novruz bayramı Vaşinqtonda da qeyd olunmuşdur

Xalqımız qədim adət-ənənələrini özündə təcəssüm etdirən Novruz bayramı martın 20-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində xüsusi tədbirlə qeyd olunmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki nümayəndəliyinin birgə dəstəyi ilə təşkil olunmuş Novruz şənliyi Dünya Bankının mənzil qərargahında keçirilmişdir. Tədbirin çoxsaylı qonaqlar arasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, ABŞ hökuməti, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də ABŞ-dakı Azərbaycan icmasının təmsilçiləri olmuşlar.

Mərasimi giriş sözü ilə açan səfir Elin Süleymanov Azərbaycan xalqının əsrlər boyu böyük sevinclə bayram etdiyi Novruz haqqında danışmış və sərhədlər tanımayan bu bayramın baharın gəlişi ilə yanaşı, yeni ümid və arzuların rəmzi olduğunu söyləmişdir. Səfir eyni zamanda Dünya Bankı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan, ölkəmizin ötən illər ərzində keçdiyi inkişaf yolundan söz açmışdır.

Tədbirdə çıxış edən Dünya Bankının icraçı direktoru Yörq Friden təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığının nümunəvi olduğunu vurğulamış, bankının əsas məramları sırasında dayanan yoxsulluğun azaldılması sahəsində Azərbaycanın qazandığı nailiyyətləri təqdir etmişdir. O, Novruz şənliyi vasitəsilə Azərbaycan mədəniyyətini Dünya Bankının mənzil qərargahında bölüşmək istəyini yüksək qiymətləndirmişdir.

İstedadlı pianoçu Emil Əfrasiyab səsləndirdiyi ecazkar musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatmışdır. Əsasən yerli amerikalılardan ibarət “Nomad ” rəqs qrupunun ifa etdiyi Azərbaycan milli rəqsləri də böyük maraqla qarşılanmışdır.

Şənlik iştirakçıları üçün açılan bayram süfrəsini milli mətbəximizin nümunələri, o cümlədən şəkərbura və paxlava bəzəmişdir. Tədbirin sonunda qonaqlara Azərbaycanın milli atributlarını təcəssüm etdirən milli geyimlər hədiyyə olunmuşdur.

 

AzərTac.az