Nitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsil problemlərinə diqqət artırılır

Posted by

Nitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsil problemlərinə diqqət artırılırNitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsil problemlərinə diqqət artırılır

Nitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsil problemlərinə diqqət artırılır

Rəsmi məlumatlara görə, ölkə üzrə sağlamlıq imkanları məhdud olan 62 mindən çox uşağın 7517-nin (5642 nəfəri şəhər, 1875 nəfəri isə kənd yerlərində olmaqla) nitqində müəyyən problemlər var. Bu qəbildən olan uşaqların bir çoxunda nitq qabiliyyətinin zəif inkişaf etməsinin əsas səbəblərindən biri autizm sindromudur. Belə ki, dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır. Azərbaycanda isə bu sindromdan təxminən 4 mindən çox uşaq əziyyət çəkir.

 

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, bu faktlar Azərbaycan Müəllimlər İnstitutunda Dünya Autizm Maarifləndirmə ayına həsr olunan “Nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması” mövzusunda keçirilmiş seminarda səsləndirilib.

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi çərçivəsində reallaşan seminarda müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, institutun professor-müəllim və tələbələri, reabilitoloqlar, pedaqoji işçilər və autizm sindromlu uşaqların valideynləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslərin, o cümlədən funksional imkanları autizm, daun və digər bu kimi sindromlar səbəblərdən məhdud olan uşaqların hüquqlarının müdafiəsi daimi diqqət mərkəzində saxlanır. O son zamanlar bu qəbildən olan uşaqların təhsil hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməsi ilə bağlı həyata keçirilən hüquqi islahatlar və Müvəkkilin bu sahədə gördüyü işlər barədə geniş məlumat verib.

 

Ombudsmanın nümayəndəsi vurğulayıb ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramlarının tətbiq edilməsi, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onların cəmiyyətdən təcrid olunmasının qarşısının alınması sahəsində tədbirlərin həyata keçirilməsi ilə bağlı müddəalar əksini tapıb. Bütün bunlar yaxın gələcəkdə həmin uşaqların reabilitasiyana və cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərəcək.

 

AzərTac.az