Nüfuzlu Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edir
Norveçin təhsil, mədəniyyət, musiqi, siyasət və din sahələrində fəaliyyət göstərən 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Beynəlxalq və Çoxmədəniyyətli Könüllülük Mərkəzi (SAIFF) “Qarabağa Azadlıq” adlı bəyanat qəbul edib.
Mərkəzin sədri Anna Opland Stenersen tərəfindən yayılmış bəyanatda deyilir: “SAIFF-in İdarə Heyəti tarixi faktları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini diqqətlə araşdırdıqdan sonra aşağıdakı qənaətə gəlmişdir:
Azərbaycanın qədim tarixi regionlarından biri olan Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili olmuşdur. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılmışdır.
Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl, Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış etmiş və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlamışdır. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı işğal etmişdir.
Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmamışdır.
İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıtmış, etnik təmizlənmə həyata keçirmişlər. Bütün bunlar “Konfliktlər zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair UNESCO-nun 1972-ci il konvenisiyalarının prinsiplərinin pozulduğunu təsdiq edir.
SAIFF-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”.
Trend.az