Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası keçirilib
Dekabrın 25-də Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası açan Baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin ildən-ilə aşağı düşdüyünü deyib. Bildirib ki, buna baxmayaraq bu problem hələ də mövcuddur və belə halların qarşısının alınması istiqamətində daha çox tədbirlərin görülməsi vacibdir. Baş nazirin müavini qeyd edib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görüləcək işlərdə bütün aidiyyəti dövlət qurumlarının iştirakı vacibdir. Abid Şərifov bu məsələdə televiziyaların da üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edərək bildirib ki, yol təhlükəsizliyinin təmin olunmasında televiziya kanalları vasitəsilə maarifləndirmə işinin aparılması önəmlidir. Baş nazirin müavini deyib: “Düşünürəm ki, bu məsələyə artıq baxışımızı, münasibətimizi dəyişməliyik. 10-15 il əvvəl deyirdik ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi yolların pis olmasıdır. İndi isə bizim magistral, şəhərdaxili, kənd yollarımız yüksək səviyyədə təmir edilib. Ona görə də bu məsələyə Azərbaycan vətəndaşı olaraq hər birimiz daha da məsuliyyətlə yanaşmalıyıq”. Abid Şərifov əlavə edib ki, bu məsələ ilə bağlı məktəblərdə, ali təhsil ocaqlarında da maarifləndirmə işləri aparılmalıdır.
Sonra iclasın gündəliyində duran yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol infrastrukturunun təkmilləşdirilməsi, birinci Avropa Oyunlarına hazırlıqla bağlı tədbirlər, Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişinlərin dəmir yolu nəqliyyatı vasitəsilə daşınmasının təşkili, Bakı şəhərində parklanma yerlərinin təşkili ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.
Çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Azərbaycanın 2014-cü il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlili məlumat verib.
Sonda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi haqında” qərar layihəsi təsdiq olunub.
AzərTac.az