Nazir: “Əlilliyin təyin olunması meyarlarında dövrilik və müddət məsələlərinə yenidən baxılmalıdır”
Azərbaycanda əlilliyin təyin olunması yeni meyarlar əsasında müəyyən ediləcək.
“APA-Economics”in xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlama verib.
“Əlilliyin təyin olunması meyarlarında dövrilik və müddət məsələlərinə yenidən baxılması lazımdır ki, bu sahədə şəffaflığın təmin edilməsi və məmur-vətəndaş kontaktlarının minimumuma endirilməsi təmin olunsun”, – S. Müslümov bildirib.
Nazir bildirib ki, hal-hazırda I qrup əlillik təyin olunan zaman ikiillik müddətə təyin olunur. Həmin şəxs iki ildən sonra yenidən müayinədən keçir və əlillik yenə də iki il müddətinə təyin olunur. Üçüncü dəfə müayinədən keçəndən sonra yaxşılaşma baş verməyibsə ömürlük təyin olunur. “II qruplarda bu, hər il təyin olunmaqla, 10 il ərzində baş verir. III qruplarda isə insan pensiya yaşına çatana qədər bu proses davam etdirilir. Bu da hər il 230 minə yaxın insanın bu cür proseslərə məruz qalmasına və hər il 230 min adamın Tibbi-Sosial Ekspert Komissiyalarında çalışan 140 işçi ilə üz-üzə gəlməsinə səbəb olur. Bütün bunlar neqativ halların yaranmasına imkanlar yaradır. Məhz bu imkanların aradan qaldırılması və insanların Tibbi-Sosial Ekspert Komissiyaları ilə təmasların daha az olması şəraitinin yaradılması üçün bu istiqamətdə işlər aparılır”, – nazir vurğulayıb.
S. Müslümov yaxın günlərdə Azərbaycan prezidentinə təklifləri təqdim edəcəyini bildirib.
Apa.az