“Ermənistan YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərarına əməl etmir”
“Ermənistan-Azərbaycan münaqişəsi regionumuzun təhlükəsizliyi üçün əsas təhdiddir. İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin Bakıda keçirilən V Görüşündəki çıxışında deyib.
E. Məmmədyarov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsi tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edilib: “Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirib. Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib”.
Nazir vurğulayıb ki, dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz: “Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.
Apa.az