Nazir: Azərbaycanda təhsil sahəsində islahatlar ardıcıl olmalıdır
Azərbaycanda təhsil sahəsində islahatlar davamlı və ardıcıl olmalıdır. Trend-in məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov çərşənbə günü Bakıda keçirilən “2020-ci il və sonra: iqtisadi inkişafın sürətlənməsi” investisiya sammitində panel müzakirələr zamanı deyib.
Nazir qeyd edib ki, islahatlardan böyük gözləntilər var, lakin iddialar reallıqlara söykənməlidir: “İslahatların sürəti sistemin həmin islahatlara hazırlığından asılıdır. Cəmiyyətin şüurunda təhsilin mövcudluğu ilə həyatdakı müvəffəqiyyət arasında əlaqə yaratmaq mürəkkəb məsələdir”.
Onun sözlərinə görə, bu gün 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsilinə dair dövlət proqramı sayəsində minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, yüzlərlə gənc Azərbaycana qayıdır və işləyir.
Nazirin sözlərinə görə, lakin bu proqramların başa çatmasından sonra nə olacağı, ölkəyə istedadların, yaxşı mühazirəçinin necə cəlb ediləcəyi barədə düşünmək lazımdır.
Trend.az