Naxçıvan Muxtar Respublikasının (NAR) bütün yaşayış məntəqələri rəqəmsal televiziya siqnalı ilə əhatə olunub. Bu barədə Trend şənbə günü NAR-ın rəsmi mətbuatında dərc edilən məlumata istinadən xəbər verir.
Məlumata görə, 2014-cü ilin yekunu üzrə Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarından sonra Şahbuz və Babək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemlərinin quraşdırılması başa çatdırılıb. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 65 faizinə xidmət göstərir. Bundan başqa, 242 kilometr uzunluğunda Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi yekunlaşdırılıb.
Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir. İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il bu tədbirlərin tərkib hissəsi kimi Elektron İmzanın Sertifikat Mərkəzi yaradılıb və “Elektron imza”nın tətbiqinə başlanılıb. Hazırda muxtar respublikanın bütün yaşayış ərazilərində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilir.
Trend.az