“Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” mövzusunda konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” mövzusunda konfrans keçirib.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məluamata görə, Heydər Əliyev Mərkəzində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ƏƏSMN tərəfindən “Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” mövzusunda konfrans keçirilib. Konfransda hökumət və qeyri-hökumət qurumlarının, xarici şirkətlərin, həmkarlar və sahibkarlar təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri, Beynəlxalq Əmək Təşkilatının (BƏT), işəgötürənlərin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT tərəfindən dünya ictimaiyyətinin diqqətini əməyin mühafizəsi məsələlərinə cəlb etmək üçün 2002-ci ildən keçirilən Ümumdünya əməyin mühafizəsi gününün bu il “Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək” devizi altında keçirildiyini bildirib: “BƏT-in açıqlamalarına əsasən, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir və bir işçi ölür. Hər il istehsalat xəsarəti və peşə xəstəliyindən təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Hər il istehsalatda 313 milyondan çox ölümlə nəticələnməyən bədbəxt hadisə baş verir. İstehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir”.
S.Müslümov 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyasında, Əmək Məcəlləsində müvafiq normativ hüquqi aktlarda vətəndaşların təhlükəsiz və sağlam şəraitdə işləmək hüququna dair əksini tapan prinsipləri diqqətə çatdırıb. Nazir dinamik iqtisadi tərəqqi dövrünü yaşayan ölkədə Prezident İlham Əliyevin işçi insanların əmək hüquqlarının etibarlı müdafiəsinə, habelə əməyin mühafizəsinə diqqət və qayğısından bəhs edib.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin təkmilləşdirilməsi yönündə ötən dövrdə görülən işləri qeyd edən nazir bu sahədə BƏT və sosial tərəfdaşlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. S.Müslümov vurğulayıb ki, 2014-cü ildə baş verən istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26,0%-nin, həyatını dəyişənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı tikinti sektorunda hələ də əməyin mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemlərin mövcudluğunu göstərir: “Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda həmin müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar qalmaqdadır”.
S.Müslümov istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə işəgötürənlər arasında maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirildiyini də bildirib: “İlk dəfə olaraq DƏMX tərəfindən 2014-cü ilin sentyabr ayından başlayaraq “Təhlükəsiz iş həftəsi”, cari il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, bu ay isə “Təhlükəsiz iş aylığı” elan edilib. Bu tədbirlər çərçivəsində çoxaşəxli məlumatlandırma tədbirləri ilə bərabər, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və bir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyəti yerindəcə araşdırılır. 2014-cü ildə həyata keçirilən dövlət nəzarəti zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin mövcud olduğu 12 tikinti sahəsində, mişar və dekorativ üzlük daşlarının istehsalı ilə məşğul olan 4 müəssisədə (daş karxanalarında) işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb”.
Görülən məqsədyönlü tədbirlərin istehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunduğunu nəzərə çatdıran nazir bildirib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb: “Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Həmin hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb”.
S.Müslümov əlavə edib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Qanuna əsasən, bütün işəgötürənlər hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir: “Bununla əlaqədar, bu növ icbari sığortanın təmin olunması məqsədi ilə sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr yaradılıb. Belə ki, 2013-cü ilin sonunda DƏMX ilə qanunvericiliyə uyğun fəaliyyət göstərən və müvafiq lisenziyası olan 3 sığorta şirkəti, yəni “Paşa Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanıb. Məhz bu əməkdaşlığın nəticəsidir ki, bu gün biz işləyən əhalimizin tam olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunduğunu deyə bilərik”.
Nazir Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanına əsasən, ƏƏSMN tərəfindən istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə də toxunub. O bildirib ki, bu sistem əmək hüquqlarının təminatına dövlət nəzarətinin birbaşa və səmərəli təşkilinə, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan, qeyri-leqal məşğulluq hallarının aradan qalxmasına imkan verib: “2015-ci ilin 24 aprel tarixinə olan məlumata görə, elektron informasiya sisteminə 2 milyon 156 min əmək müqaviləsi bildirişi daxil edilib. Onların 72,4 faizi və 1,56 milyon ədədi əmək müqaviləsinin bağlanması, 16,3 faizi və ya 351 min ədədi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 11,3 faizi və ya 243,6 min ədədi əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləridir”.
S.Müslümov nəzərə çatdırıb ki, 2014-cü ildə “Elektron hökumət” portalı tərəfindən təqdim edilən e-xidmətlərdən istifadə sayına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birinci yeri (portal istifadəçilərinin 42 faizi Nazirliyin təklif etdiyi e-xidmətlərdən istifadə etmişlər) tutub. Ölkədə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə əlaqədar işəgötürənlər qarşısında qoyulan tələblərlə əlaqədar “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” və “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətlərdən istifadə artıb və əhalinin ən çox yararlandığı elektron xidmətlər sırasındadırlar. Bu e-xidmətlər hazırda ən yüksək istifadəçi sayı ilə seçilirlər. Ümumilikdə, ƏƏSMN-in təqdim etdiyi elektron xidmətlər üzrə 2,5 milyon dəfə istifadə qeydə alınıb.
S.Müslümov ƏƏSMN tərəfindən yeni hazırlanan Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyaya da toxunub: “Bu Strategiya əməyin mühafizəsi sahəsində kifayət qədər mühüm addımların atılmasını təmin edəcək. Burada yaxın gələcəkdə ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması, əməyin mühafizəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin risk qiymətləndirilməsi sistemi üzrə yüksək və orta risk qruplarına aid edilən sahibkarlarda əməyin mühafizəsinə dövlət və ictimai nəzarətin intensivliyinin artırılması, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması və s. həyata keçiriləcək”.
S.Müslümov bildirib ki, Əmək Məcəlləsinin 223-cü maddəsində əməyin mühafizəsi xidmətlərinin yaradılmasına, yenidən təşkil edilməsinə və ləğv edilməsinə, əməyin mühafizəsi üzrə vəzifələrin təsis edilməsinə dair işəgötürənlərin öhdəlikləri, əməyin mühafizəsi üzrə mütəxəssislərin hüquq və vəzifələri müəyyən edilib: “Bu maddənin birinci hissəsinin tələbinin icrasını təmin etmək məqsədi ilə “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Qanun layihəsi də hazırlanıb. Layihədə həmin Məcəllənin 56-cı maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Təklif olunan dəyişikliklərə əsasən işçilərin sayı əlli nəfərdən çox olduqda işəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin yaradılmamasına görə işəgötürənlərin vəzifəli şəxslərinə böyük məbləğdə cərimə nəzərdə tutulur”.
Nazir həmçinin məşğulluq və əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin ƏƏSMN-nin müvafiq hesabına köçürülməsi ilə əlaqədar Əmək Məcəlləsinə və “Məşğulluq haqqında” Qanuna müvafiq dəyişikliklər edildiyini də bildirib. O, bunun dövlət nəzarətinin həyata keçirilməsi və inzibati xəta haqqında işlərə baxılması zamanı neqativ halların yaranmasının qarşının alınmasına, Nazirliyin əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldiyini diqqətə çatdırıb.
Nazir əməyin mühafizəsi istiqamətində mühüm uğurların əldə olunması üçün birgə səylərin bundan sonra da artırılacağına əminliyini ifadə edib. Konfransda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə əməyin mühafizəsi sahəsində vəziyyət, bu sahədə aparılan işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.
Daha sonra ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin nəticələri əsasında ölkədə əməyin mühafizəsi sahəsində mövcud vəziyyəti təhlil edib. Həyata keçirilən tədbirlərin əməyin mühafizəsi profilaktikası sahəsində müsbət dəyişikliklərə, istehsalatda bədbəxt hadisələrin sayının kəskin şəkildə azalmasına səbəb olduğunu konkret göstəricilər əsasında diqqətə çatdıran F.Əlizadə bildirib ki, bununla belə bir sıra müəssisələrdə istehsalat qəzalarının qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsində hələ də nöqsanlar mövcuddur. Belə nöqsanlar xüsusən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda özünü göstərir. Qarşıdakı dövrdə də Xidmət bu sahədə nöqsanların tam aradan qaldırılması yönündə səylərini artıracaq.
Tədbirdə BƏT-in eksperti Valentin Macanu, “Azneft” İB-nin əməyin mühafizəsi şöbəsinin müdiri Mübariz Şamilovun, AHİK-in Əməyin mühafizəsi şöbəsinin rəis müavini əli Mədətovun və digərləri təqdimatlarla çıxış ediblər. Mövzu ilə bağlı geniş müzakirələrin aparıldığı konfransda əməyin mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən müəssisələr təltif edilib və əməyin mühafizəsi mövzusunda videoçarx nümayiş olunub.
Trend.az