Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

Posted by

Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbirdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edən video film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır.

Azərbaycan Hökumətinin BMT-nin QAK Ali Komissarlığı ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Əli Həsənov dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün son illərdə genişmiqyaslı işlər görüldüyünü bildirmişdir.

Əli Həsənov demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirmişdir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni aşaraq bəşəriyyətin gələcəyi naminə uzunmüddətli inkişafın təmin edilməsinə xidmət edir.

Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Əli Həsənov demişdir ki, bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınmış, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir.

Komitə sədri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Vurğulanmışdır ki, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən problem hələ də öz həllini tapmamışdır.

Baş nazirin müavini demişdir: “Düzdür, münaqişə hələ öz həllini tapmayıb, lakin Azərbaycan dövləti öz vətəndaşlarının doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gündən-günə artan iqtisadi imkanlarından lazımınca istifadə edir. Lakin bu torpaqlarımız işğal altındadır. Ermənistan Azərbaycana hərbi təcavüz etmişdir. Dünyanın çox əhəmiyyətli və nüfuzlu bir qurumu olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra edilmir. Ermənistana qarşı sanksiyalar tətbiq olunmur. Bu da Ermənistanı şirnikləndirir. Biz uzun illərdir ki, Azərbaycana qarşı ikili standartlar yanaşmasının şahidiyik”.

Əli Həsənov münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson çıxış edərək Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin və maddi təminatının yaxşılaşdırılması istiqamətində böyük işlərin görüldüyünü vurğulamış bunun başqa ölkələr üçün də örnək ola biləcəyini söyləmişdir. O, müasir dünyada qaçqınlığın böyük problemə çevrildiyini bildirmişdir.

 

AzərTac.az