“Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb

Posted by

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” fondunun  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb. Layihə çərçivəsində yaradılan etimad xəttinə 150-yə yaxın zəng daxil olub, layihəyə cəlb olunan psixoloq və hüquqşünasların dəstəyi ilə ümumilikdə 100-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə fərdi psixoloji və hüquqi yardım göstərilib. 3 ay müddətində davam edən layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, onları  effektiv və pulsuz hüquqi, psixoloji yardımla təmin etməkdir. Onu da qeyd edək ki, “İnsan Hüquqları XXI əsr– Azərbaycan” fondu bu günə qədər Beynəlxalq Qırmızı Xaç komitəsi və Şura ilə birlikdə Bakının bütün rayonlarda müharibədə itkin düşmüş şəxslərin ailələrini psixo-sosial (tibbi-hüquqi xidmətlər) sahələrdə müşaiyət edib.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına əsasən 1 may 2017-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdan keçirilən şəxslərin sayı 3868 nəfər təşkil edir. Onlardan 3123 nəfər hərbçi, 745 nəfər mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına görə isə 3780 nəfər itkin düşmüşdür. 1437  nəfər isə bu günə kimi girovluqdan azad edilmişdir.