MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunub

Posted by

MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunubMTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunub

MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunub

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

 

MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Tədbirdə çıxış edən Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək bildirib ki, müstəqilliyimiz tarixi reallığa çevrildikdən sonra dövlətçilik ənənələrinin bərqərar olması üçün siyasi lider amilinin müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanın nümunəsində bir daha sübut olundu: “Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdi. Ulu öndərin titanik fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, cəbhədə atəşkəsin əldə edilməsi, ölkədaxili destruktiv qüvvələrin zərərsizləşdirilməsi müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdı. Bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun, milli prioritetlərin ali qanun səviyyəsində təsbiti tələb olunurdu. Yeni Konstitusiyanın hazırlanması ilk növbədə məhz bu tarixi zərurətin ifadəsi idi. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın ən mütərəqqi sosial-hüquqi yanaşmalarını ehtiva etməklə, dövlət quruculuğu proseslərinə, iqtisadiyyatın və ictimai-siyasi həyatın dinamik inkişafına təkan verdi”.

 

O, qeyd edib ki, Konstitusiyamızın qəbulundan ötən müddət Azərbaycan cəmiyyətindəki mütərəqqi qüvvələrin milli dövlətçilik məfkurəsinə sadiqliyi baxımından tarixi sınaq dövrü olub və xalqımız Heydər Əliyevin ölməz ideyalarını rəhbər tutaraq bu imtahandan uğurla çıxıb. Bunun əyani təsdiqi ölkədə mövcud olan sabitlik və milli vəhdətdir. Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun siyasi kursuna daim sadiqdir.

 

General-mayor Ş.Sultanov bildirib ki, ulu öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin bərqərar olması əsasında sürətli modernləşdirmə istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarıb. Beynəlxalq arenada mövqeyimiz bərabərhüquqlu tərəfdaş kimi heyranlıqla qəbul olunur. Dövlətmizin başçısı cənab İlham Əliyevin konstitusion prinsiplərə əsaslanaraq ictimai həyatın və dövlətin idarəçiliyinin demokratikləşməsi istiqamətində apardığı ardıcıl siyasət, inzibati amillərdən daha çox mənəvi-əxlaqi saflaşma amillərinə üstünlük verməsi müstəsna əhəmiyyətə malikdir: “Dövlət başçımız cənab İlham Əliyev ölkədə konstitusiya quruluşunun və qanunlarımızın aliliyinin təminatçısıdır. Qanunçuluğun və ictimai qaydanın cəmiyyət həyatının bütün sahələrində möhkəmləndirilməsi isə müstəqilliyimizin və dövlətçiliyimizin inkişafının başlıca şərtidir. Məhz konstitusion prinsiplərin dönmədən həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan əsl demokratiya, ümumi rifah və azadlıq məkanına, genişmiqyaslı beynəlxalq tədbirlərin ev sahibinə, dünya birliyinin nüfuzlu və etibarlı üzvünə çevrilib”.

 

Milli təhlükəsizliyin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə danışan Ş.Sultanov Azərbaycanın milli təhlükəsizlik orqanlarının məhz Konstitusiya və qanunlarımızda əks olunmuş prinsip və müddəaları rəhbər tutaraq xarici xüsusi xidmət orqanlarının ölkəmizdə pozuculuq fəaliyyətinin, terror və təxribat cəhdlərinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə uğurla fəaliyyət göstərən, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində əzmlə duran çevik və güclü dövlət təsisatı kimi formalaşdığını bildirib.

 

Çıxış edən dinləyici leytenant S.Səmədov, kursantlar T.Nemətli və A.Mustafayev Azərbaycan təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını şərəflə daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, xalımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətində bundan sonra da Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulayıblar.

 

Tədbirin sonunda «Müstəqillik yollarında» sənədli filmi nümayiş etdirilib.

 

Trend.az