Moskvada Azərbaycan Milli Məclisinin spikeri Rusiya Dövlət Dumasının sədri ilə görüşmüşdür

Posted by

Moskvada Azərbaycan Milli Məclisinin spikeri Rusiya Dövlət Dumasının sədri ilə görüşmüşdür

Moskvada Azərbaycan Milli Məclisinin spikeri Rusiya Dövlət Dumasının sədri ilə görüşmüşdür

Moskvada Azərbaycan Milli Məclisinin spikeri Rusiya Dövlət Dumasının sədri ilə görüşmüşdür

Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 5-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşmüşdür.

Dövlət Dumasının sədri S.Narışkin qeyd etmişdir ki, parlament əlaqələri iki dövlət arasında böyük siyasi dialoqun tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulamış, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd etmişdir.

Sergey Narışkin demişdir: “Parlamentlərin qarşılıqlı fəaliyyəti bütün sahələrdə – siyasi, ticari-iqtisadi və humanitar sferalarda əməkdaşlıq üçün əlverişli şərait yaradır”. Dövlət Dumasının sədri Rusiya tərəfinin Azərbaycanla strateji tərəfdaşlığı möhkəmlətməkdə və genişləndirməkdə maraqlı olmasını təsdiqləmişdir.

S.Narışkin Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşünün əhəmiyyətini vurğulayaraq əmin olduğunu bildirmişdir ki, bu nümayəndə heyətinin səfər çərçivəsində hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, baş nazirin müavini Dmitri Roqozinlə görüşü də Rusiya-Azərbaycan dialoqu üçün faydalı olacaqdır.

Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını qeyd etmişdir.

O.Əsədov vurğulamışdır: “Azərbaycanda Rusiya ilə dostluq, mehriban qonşuluq münasibətlərinə çox böyük əhəmiyyət verilir, bu əlaqələr Azərbaycanın xarici-siyasi fəaliyyətində prioritet hesab edilir. İyun ayında rusiyalı yüksək vəzifəli şəxslərin Azərbaycana çoxsaylı səfərləri nəzərdə tutulur. Bu ayda Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcəkdir. Biz Dmitri Roqozini də Azərbaycanda gözləyəcəyik. Bu ayın axırlarında ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında sizi görməyə şad olarıq”.

Azərbaycan parlamentinin spikeri əmin olduğunu bildirmişdir ki, ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda açılacaq sessiyasında Rusiya və Azərbaycan tərəfləri vahid platformadan çıxış edəcəklər.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, habelə rusiyalı senatorlar – Rusiya-Azərbaycan Parlamentlərarası əməkdaşlığı üzrə Duma komissiyasının üzvləri iştirak etmişlər.

 

AzərTac/az