Minlərlə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb
Bu ilin birinci rübü ərzində Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunub.
Bunları “Vətəndaşsızlığın aradan qaldırılması və qarşısının alınması” mövzusunda keçirilən konfransda Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev deyib.
AZƏRTAC xəbər verir ki, konfransda vətəndaşsızlıq halları, bu halların aradan qaldırılması və qarşısının alınması əsas müzakirə mövzusu olub. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2008-2014-cü illərdə 852 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bununla belə, 18254 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, şəxsiyyətini təsdiq edən sənədlərlə təmin olunublar.
Tədbirdə qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görür. Uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan və hazırda hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmayan çoxlu sayda şəxslərin hüquqi statusunun müəyyən edilməsi və vətəndaşsızlıq hallarının azaldılması istiqamətində lazımi tədbirlər icra olunur.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın və BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonun mövzu ilə bağlı çıxışları dinlənilib.
Konfransda ayrı-ayrı mövzularda təqdimatlar nümayiş etdirilib.
AzərTac.az