Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclasında iki qanuna dəyişikliklər müzakirə edilib
Dekabrın 26-da Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda “Yanğın təhlükəsizliyi haqqında” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov çıxış edərək bildirib ki, dəyişikliklər texniki və redaktə xarakteri daşıyır. “Yanğın təhlükəsizliyi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq aparılır.
Qeyd edilib ki, bu qanun layihəsinə görə “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar” sözləri müvafiq olaraq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığorta edilirlər” sözləri ilə əvəz edilir.
Bildirilib ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta etdirilir.
Müzakirələr zamanı çıxış edən deputatlar qanun layihələrinin önəmindən danışıblar.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AzərTac.az