Milli Məclisin nümayəndə heyəti Nyu-Yorkda səfərdə olacaq
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə yola düşəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament meyarının artması, qanunverici orqanların işində gender bərabərliyinin təşviqi, yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində parlamentin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.
Azərbaycan parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.
AZƏRTAC