Milli Məclisdə Britaniya və Almaniya parlamentariləri ilə görüşlər olub
Bu gün Milli Məclisin Böyük Britaniya parlamenti ilə əlaqələr üzrə işçi qrupu üzvlərinin Böyük Britaniya parlamentinin deputatları ilə görüşü olub.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə İqtisadi siyasət komitəsinin sədr müavini, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib. O, son illərdə Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə müşahidə olunan inkişafdan söhbət açıb.
İşçi qrupun rəhbəri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan danışıb. Qeyd olundu ki, bütün regionu təhdid altında saxlayan bu münaqişənin həllinə beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır.
Görüşdə çıxış edən qrupun üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iki ölkə arasındakı əlaqələrin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolundan danışıb.
Böyük Britaniya parlamentinin üzvü Toni Boldri ölkələrimiz arasındakı dostluq əlaqələrindən məmnun olduğunu vurğulayıb. Qonaq hər iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib.
Görüşdə səmərəli əməkdaşlıq imkanları, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Sentyabrın 17-də Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının komitə sədrləri Peter Ramsauer və Daqmar Förl ilə görüşüb.
V.Ələsgərov qloballaşan dünyada Azərbaycanın tutduğu mövqe, parlamentin beynəlxalq əlaqələri, ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən neft-qaz layihələri, kiçik və orta sahibkarlığın inkişaf templəri barədə qonaqlara məlumat verib. müxtəlif parlament qurumları ilə əməkdaşlıqdan danışıb: “Bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində biz hər zaman əməkdaşlığa və dostluğa hazırıq”.
Almaniya Bundestaqının İqtisadi inkişaf komitəsinin sədri xanım D.Förl səfər çərçivəsində maraqlı görüşlər keçirdiklərini, Azərbaycan barədə çoxçeşidli məlumat əldə etdiklərini vurğulayıb. O, bu barədə hesabat hazırlayıb Bundestaqa təqdim edəcəklərini bildirib. Qeyd edib ki, deputatların səfər hesabatlarındakı rəylərinə parlamentdə xüsusi əhəmiyyət verilir.
Qonaq Almaniyanın Azərbaycanla sıx əməkdaşlıq etdiyini, əlaqələri daha da dərinləşdirmək istədiyini diqqətə çatdırıb.
Söhbət zamanı dünya siyasətindəki aktual hadisələrlə əlaqədar Avropanın tutduğu mövqeyə, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Almaniya Bundestaqının İqtisadiyyat və energetika komitəsinin sədri P.Ramsauer bəzi məsələlərə dair fikirlərini açıqlayıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ç.Əsədullayev, Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel, digər rəsmi şəxslər iştirak ediblər.
Trend.az