Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı hazırlayır
Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı hazırlayır.
Trend xəbər verir ki, Milli Məclisin bu gün keçirilən payız sessiyasının açılışında çıxış edən parlamentin sədri Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibətini açıqlayıb: “Bu, artıq say hesabı ilə dördüncü qətnamədir. Baxaq ki, bu qətnamə hansı dövrdə qəbul edilib. Ayın 18-də qəbul edildi, bir gün sonra isə Azərbaycanda mühüm tədbirlər başlayırdı. Bununla da məqsədlərini anladıq”.
Milli Məclisin sədri qeyd edib ki, sənədin müəllifləri 46 nəfərdir və onlardan 45 nəfəri ümumiyyətlə, Azərbaycanda olmayıb: “1-i isə vaxtilə Slovakiyanın xarici işlər naziri olub. Onun vəzifədə olduğu illərdə Slovakiya tərəfindən Ermənistana hərbi təyyarələr satılmışdı. 750 deputat arasında 46 nəfərin təklifi ilə səsvermə keçirillb. Bu da onu göstərir ki, belə qətnamənin qəbulu Azərbaycana təzyiq etmək məqsədi daşıyır. Heç bir kənar qüvvələr dövlətimizin müstəqilliyinə xələl gətirə bilməyəcək”.
Spiker bildirib ki, Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur: “Bizim yalnız əməkdaşlığımız var. Əlaqələri genişləndirmək üçün AVRONEST təşkilatını yaratdıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri inkişaf etdirmək əvəzinə öz qurumlarını da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir. Biz də münasibətləri inkişaf etdirmək istəyirik, amma biz nə qədər can atırıqsa, bizə ikili münasibət göstərirlər. Belə olan təqdirdə, bizim bu təşkilatla işləməyimizin mənası varmı?”
Oqtay Əsədovun təklifi ilə Milli Məclisdə vitse-spiker Valeh Ələsgərovun başçılığı ilə komissiya yaradaraq Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq qərara alınıb.
Trend/az