Mikayıl Cabbarov təhsil müəssisəsinin səmərəliliyinin şərtlərini açıqladı

Posted by

Mikayıl Cabbarov təhsil müəssisəsinin səmərəliliyinin şərtlərini açıqladıMikayıl Cabbarov təhsil müəssisəsinin səmərəliliyinin şərtlərini açıqladı

Mikayıl Cabbarov təhsil müəssisəsinin səmərəliliyinin şərtlərini açıqladı

“Hazırkı bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi ilk növbədə onun hazırladığı kadrlara əmək bazarına olan tələbatla ölçülür”. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə anlaşma memorandumunun imzalanma mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, planlı iqtisadiyyat dövründə müəyyən mənada ali məktəb məzunlarının işlə təmini məsələsi kənarda qalırdı. Hazırkı bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi ilk növbədə onun hazırladığı kadrlara əmək bazarında olan tələbatla ölçülür. Bu da təhsil müəssisələrinin öz fəaliyyətlərini şaxələndirməsini, təhsil sistemində məzunların qazandığı biliklərin iş təcrübəsində tətbiqinə yönəlmiş tədris planlarının olmasını tələb edir.

M.Cabbarov deyib ki, bu tədris ili üçün peşə təhsili sahəsi üzrə hazırlanan qəbul planı ötən illərdə olduğu kimi mövcud bazadan çıxış edərək tərtib edilməyib. Builki qəbul planı əmək bazarı və iqtisadiyyatın strukturunun tələbatları öyrənilməklə hazırlanıb: “Biz ilk dəfə olaraq çalışmışıq ki, Azərbaycanın hər bir bölgəsindəki peşə təhsili müəssisələrinin maddi-texniki bazasını qiymətləndirək, iqtisadi inkişaf proqramını, iqtisadi inkişafı nəzərə alaraq qəbul planını ehtiyaclara uyğunlaşdıraq. İlk dəfə həyata keçirilən hər bir iş kimi, bu iş də qeyri-mükəmməl ola bilər. Ancaq biz ildən-ilə bu istiqamətdəki işlərimizi genişləndirmək niyyətindəyik”.

Nazir qeyd edib ki, TN və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında bu gün imzalanmış memoranduma əsasən, sahibkarlarla TN arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial tərəfdaşlığın yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyət nəzərdə tutulur.

Onun sözlərinə görə, təhsil müəssisələri kadr hazırlığını həyata keçirərkən onların qarşısında duran əsas məqsəd tədris prosesində əldə edilən biliklərin məzunlar tərəfindən işəgötürənlər üçün lazım olan şəkildə tətbiq edilə bilməsidir. M.Cabbarov hesab edir ki, bunun ən düzgün və qısa yolu bu işin işəgötürənlərlə birgə həyata keçirilməsidir: “Təbii ki, bu əməkdaşlıq yalnız bir təhsil pilləsi ilə məhdudlaşmır. Ali, orta ixtisas təhsili pilləsində də bu, tətbiq olunacaq. Mövcud olan kadrların yenidən hazırlanması, peşəkarlığının artırılması bütün təhsil pillələrində həyata keçirilə bilər”.

 

Trend.az