Mikael Erikson: Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anlayıram

Posted by

Mikael Erikson: Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anlayıram

Mikael Erikson: Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anlayıram

 

 

Mikael Erikson: Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anlayıram

İsveçin Azərbaycana təyin olunmuş qeyri-rezident səfiri Mikael Erikson Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə ölkəmizdəki məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yerində tanış olub.

 

Komitədən AzərTAc-a bildiriblər ki, əvvəlcə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olan diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində ölkəmizin üzləşdiyi 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, bu problemin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi geniş tədbirlər barədə məlumat verilib.

 

Fuad Hüseynov diqqətə çatdırıb ki, hələ də bu cür ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına, ona edilmiş Əlavələrə uyğun olaraq onların da sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilməkdədir.

 

İsveçli diplomat həmin yataqxanada məskunlaşan Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsinin həyat şəraiti ilə tanış olub, buradakı acınacaqlı vəziyyətdən təəssüfləndiyini bildirib. Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anladığını diqqətə çatdıran isveçli qonaq problemin tezliklə həllinin, bu şəraitdə yaşayan insanların doğma ocaqlarına qaytarılmasının vacibliyini bildirib.

 

Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsində, 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gələrək 280 yerlik “Şəfəq” uşaq bağçası, 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəb, Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub. Diplomat buradakı məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə maraqlanıb. M.Erikson, həmçinin Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılmış şəraitlə də tanış olub. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.

 

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.

 

Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən diplomat məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdıraraq deyib ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına, onların dözülməz həyat şəraitinə son qoyulmasına imkan yaradacaq. Bunun üçün də məsələ ilə məşğul olan ölkələr və beynəlxalq təşkilatlar öz səylərini artırmalıdırlar.

 

AzərTac.az