Mexikoda 28 May – Respublika günü münasibətilə rəsmi qəbul keçirilib
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən 28 May – Respublika günü münasibətilə Mexikoda “St. Regis” otelində rəsmi qəbul keçirilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri və tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən danışıb.
Sonra tədbir Meksikada yaşayan həmyerlilərimiz – Meksika Ştat Simfonik Orkestrinin azərbaycanlı üzvləri tərəfindən dahi Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirovun, habelə tanınmış Avropa bəstəkarlarının repertuarına aid klassik musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib.
Qəbulda Azərbaycanın müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.
Apa.az