Mehriban Əliyeva internat məktəbin açılışında iştirak edib, “Könül” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub
Sentyabrın 15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat məktəbin açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun prezidenti, Milli Məclisə Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva iştirak edib.
Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi layihələr sırasında “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramına xüsusi əhəmiyyət verir. Proqram çərçivəsində respublika üzrə bir çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Bu müəssisələrdəki kitabxanalar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunub, əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılıb, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılıb.
Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir. Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna və himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Mehriban Əliyevaya məlumat verildi ki, məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. İnternat məktəbində yeni korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb. Şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir. Üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompyuter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımı avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməyi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var. Bildirildi ki, məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Beləliklə, yenidənqurma işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından və 1 qapalı idman zalından ibarətdir.
XXX
Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə də tanış olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin aprelində Badamdar qəsəbəsindəki “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.
Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Birinci xanıma məlumat verildi ki, korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri invertarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və Prezident ilham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılıb. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr olunub. Bağçanın giriş və dəhlizlərində müşahidə kameraları, bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub. Balacaların gün ərzində keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılıb.
Mehriban Əliyevaya məlumat verildi ki, həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək.
Trend.az