Mədəniyyət və turizm naziri cəbhə bölgəsində vətəndaşları qəbul edib

Posted by

Mədəniyyət və turizm naziri cəbhə bölgəsində vətəndaşları qəbul edibMədəniyyət və turizm naziri cəbhə bölgəsində vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri cəbhə bölgəsində vətəndaşları qəbul edib

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Yevlax şəhər, Ağdam, Goranboy, Xocalı, Bərdə və Tərtər rayonlarından vətəndaşları qəbul edib.

 

Nazirlikdən APA-ya verilən xəbərə görə, qəbuldan öncə Əbülfəs Qarayev rayonun Xındırıstan kənd musiqi məktəbi üçün nazirlik tərəfindən yeni binanın inşa olunması və Ağcabədi rayon tarix-diyarşünaslıq muzeyinin təmir-bərpası ilə bağlı görülən işlərlə tanış olub, həmçinin Respublika Atçılıq Turizm Mərkəzinin Ağdam filialına baş çəkib.

 

Ağdam Dövlət Dram Teatrının binasında keçirilən qəbula Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 30-dək vətəndaş yazılıb.

 

Sakinlərin müraciətləri yerlərdə muzey, kitabxana, musiqi məktəbi, teatr, digər mədəniyyət ocaqlarının fəaliyyəti, maddi-texniki bazasının yaxşılaşdırılması, bölgədə turizmin inkişaf etdirilməsi, tarixi-mədəni abidələrin qorunmasınadək bir çox məsələləri əhatə edib. Vətəndaşlar tərəfindən bir sıra məsələlərə dair təşəbbüslər də irəli sürülüb.

 

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı işğal olunmuş rayonların muzey eksponatlarının Bakıda səyyar sərgisinin təşkili, Xocalı faciəsi ilə bağlı məlumatların daha miqyasda yayılması ilə bağlı təkliflər səslənib. Tanınmış incəsənət xadimlərinin cəbhə bölgələrinə ezam olunması, Ağdamın məşhur “Şur” ansamblının xarici ölkələrə qastrol səfərinin təşkilinə kömək göstərilməsi, yerlərdəki musiqi məktəblərində saz, balaban, digər milli musiqi alətləri şöbələrinin yaradılması ilə bağlı müraciətlər olub.

 

Müraciətlərin bir qismində cəbhəyanı bölgələrdə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrlara, o cümlədən xoreoqrafiya, rəqs, xor, informasiya-kommunikasiya texnologiyaları müəllimlərinə ehtiyac olduğu qeyd olunub. Nazirliyin xətti ilə yerlərdə mədəniyyət müəssisələri işçiləri üçün mərkəzləşdirilmiş kompüter kurslarının, muzey əməkdaşları üçün təcrübə mübadiləsi məqsədilə ezamiyyətlərin təşkili, Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinin bölgələrə ezam olunması ilə bağlı xahişlər səslənib.

 

Bərdə şəhərindəki XVIII-XIX əsrlər abidəsi olan Şirvanlı hamamının bərpasına kömək göstərilməsi, Yevlax rayonundakı Varvara su hövzəsinin turizm marşrutuna daxil edilməsi, Goranboy rayonunun Meşəli kəndindəki alban abidəsinin təmiri və burada muzey-kitabxananın yaradılması, yerlərdə rəssamların yaradıcılıq emalatxanalarının təşkili, Yevlax şəhər Bəşir Səfəroğlu adına xalq teatrının geyim və digər təchizatına kömək göstərilməsi ilə bağlı müraciətlər də edilib.

 

Nazir Əbülfəs Qarayev qəbulda səslənən bütün təklif və təşəbbüslərə diqqətlə yanaşılacağını, zəruri tədbirlər görüləcəyini, həmçinin ayrı-ayrı xahişlərlə bağlı müvafiq kömək göstəriləcəyini bildirib.

 

Qəbuldan sonra nazir Əbülfəs Qarayevin, nazirliyin məsul əməkdaşlarının, rayonların mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

Apa.az