Məcburi köçkünlər üçün müxtəlif layihələr həyata keçiriləcəkdir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Norveçin “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Nil Villiams ilə görüşmüşdür.
Komitədən AzərTAc-a verilən məlumata görə, yeni təyinatı münasibətilə qonağı təbrik edən Baş nazirin müavini Əli Həsənov ona gələcək fəaliyyətində uğurlar arzulamaqla yanaşı, həmçinin onun rəhbər təyin edilməmişdən əvvəl uzun müddət bu təşkilatda çalışdığını və qazandığı təcrübəni nəzərə alaraq hökumətlə şəffaf əməkdaşlıq şəraitində, Azərbaycanın milli qanunvericiliyinə və qurumun baş ofisinin nizamnaməsinə uyğun şəkildə çalışacağına əminliyini bildirmişdir.
Ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq humanitar təşkilatlar kimi Norveçin bu təşkilatı üçün də Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradıldığını və onların əsas fəaliyyətlərinin qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə, bu baxımdan müxtəlif məqsədəuyğun layihələrin həyata keçirilməsinə yönəldiyini nəzərə alaraq Əli Həsənov görüşdə daha mühüm əhəmiyyət kəsb edən layihələrin – qaçqın və məcburi köçkünlərin reabilitasiyası, məşğulluğu, onlar arasında təhsilin, səhiyyə xidmətinin yaxşılaşdırılması, əmək vərdişlərinin bərpası və sair kimi layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkmiş, bunlarla bağlı müəyyən tövsiyələrini vermişdir.
Azərbaycan dövlətinin bu gün qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini tam öz üzərinə götürdüyünü diqqətə çatdıran Əli Həsənov buna baxmayaraq ölkədə çalışan beynəlxalq humanitar təşkilatların fəaliyyətlərini davam etdirməsinin iqtisadi baxımdan daha çox siyasi baxımdan əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bildirmişdir ki, bütün bunlar bu sahədə milli kadrların hazırlanmasında, ən başlıcası isə problemin bu gün də həll olunmamış qalmasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm önəm daşıyır.
Səmimi qəbula, dəyərli tövsiyələrə görə minnətdarlığını bildirən Nil Villiams demişdir ki, fəaliyyətini verilən tövsiyələrə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən qarşıya qoyulan vəzifələrə uyğun qurmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə kömək göstərmək üçün bütün imkanlardan istifadə edərək rəhbərlik etdiyi qurumun şəffaf və məqsədyönlü fəaliyyəti üçün nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsinə çalışacaqdır. O, sonda qeyd etmişdir ki, bu məqsədlə müxtəlif təlim və konfransların həyata keçirilməsi, müvafiq proqram çərçivəsində iyul-avqust ayları ərzində qaçqın və məcburi köçkünlər üçün salınmış ərazilərdə ehtiyacların qiymətləndirilməsi və yeni layihə təşkili sahəsində araşdırılmalar aparılması nəzərdə tutulmuşdur.
AzərTac.az