Maltada Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunmuşdur

Posted by

Maltada Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur

Maltada Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunmuşdur

Maltada Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur

Azərbaycan Respublikasının Maltadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir.

Tədbirdə Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca, dövlət və hökumət rəsmiləri, parlament üzvləri, bir sıra dövlət qurumlarının, biznes dairələrinin, elmi tədqiqat və təhsil ocaqlarının, Vallettadakı diplomatik korpusun nümayəndələri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın və Maltanın dövlət himnləri səsləndirilmişdir.

Rəsmi ziyafətdə çıxış edən səfir Vaqif Sadıqov Azərbaycanın milli bayramı – Respublika Gününün tarixindən, XX əsrin sonunda müstəqilliyini bərpa etmiş ölkəmizdə siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlardan və quruculuq işlərindən söhbət açmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən bəhs edən səfir onun müsəlman Şərqində ilk demokratik quruluşlu ölkə olduğunu vurğulamışdır.

V.Sadıqov bildirmişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sürətlə inkişaf edərək, Cənubi Qafqazda iqtisadi cəhətdən ən güclü dövlətə çevrilmişdir. Hazırda regionun iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür.

Azərbaycan-Malta münasibətlərinə toxunan səfir diqqətə çatdırmışdır ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın yaxın tərəfdaşı olan Malta ilə əlaqələrin genişləndirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial vardır. Azərbaycan ilə Malta arasında bir çox sahələrdə imzalanan sənədlər əlaqələrimizin genişlənməsinə töhfə verməkdədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən V.Sadıqov qonaqların diqqətinə çatdırmışdır ki, Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti və bu ölkənin hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT-nin və digər beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədləri vardır. Lakin təəssüf ki, Ermənistan tərəfi bu sənədlərə hələ də məhəl qoymur.

Səfir bildirmişdir ki, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan bundan sonra da xalqların, mədəniyyətlərin bir araya gəldiyi məkan olmağa davam edəcəkdir.

Prezident Marie Louise Coleiro Preca çıxış edərək Malta xalqı, hökuməti və öz adından Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırmışdır.

Malta dövlətinin başçısı demişdir ki, coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, xalqlarımızı bir çox ortaq dəyərlər birləşdirir. Qeyd etmişdir ki, tariximiz, müstəqilliyimiz və bütün digər oxşar cəhətlər ölkələrimizi daha da yaxınlaşdırır. Prezident demişdir: “Qarşılıqlı maraq doğuran sahələrdə yüksək xətlə inkişaf edən ikitərəfli əlaqələrimiz mövcuddur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında yaxın əlaqələr quruldu. Birgə irəli sürülən təşəbbüslər dövlətlərimizin və xalqlarımızın rifahına xidmət etməkdədir. Əminəm ki, ölkələrimiz əməkdaşlığımıza töhfə verən bütün imkanları yaxşı dəyərləndirəcəkdir”.

Maltanın Prezidenti qeyd etmişdir ki, 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması önəmli tarixi hadisədir. Azərbaycan Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əlaqələrini daha da genişləndirməyə davam edir. Belə ki, Malta həmişə Azərbaycanın Aİ ilə strateji əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri dəstəkləyir. Prezident demişdir: “Əminəm ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə dünyada sülh və tərəqqi istiqamətində uğur əldə olunacaqdır”.

Azərbaycan xalq musiqisinin sədaları altında ölkəmizin turizm imkanlarını və mədəniyyətini əks etdirən təbliğat çarxlarının nümayiş olunduğu tədbirdə qonaqlara Azərbaycan ilə bağlı kitablar, broşürlər və disklər paylanmışdır.

 

 

AzərTac.az